Azərbaycan İsrailin 1915-ci il qərarını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qərarından narahatlığını bildirib və Təl-Əvivi bu addımı yenidən nəzərdən keçirməyə çağırıb.

21

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərara etiraz edib.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən yazıb ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.

XİN-in mövqeyinə görə, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

Nazirlik bildirib ki, bu cür addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirir və regionda davamlı sülh, barışıq səylərinə mane olur.

Azərbaycan tərəfi İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb. XİN vurğulayıb ki, Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini davam etdirəcək.

“Associated Press”in məlumatına görə, İsrail Nazirlər Kabineti 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasına dair təklifi yekdilliklə təsdiqləyib. Bununla belə, qərarın tam rəsmiləşməsi üçün sənədin İsrail parlamenti — Knesset tərəfindən də təsdiqlənməsi tələb olunur.

Məlumata əsasən, təşəbbüs İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülüb. Saar bu addımı “mənəvi və tarixi borc” adlandırıb.

“The Jerusalem Post” yazır ki, İsrail uzun illər ərzində Türkiyə ilə diplomatik münasibətlərə görə bu məsələdə rəsmi tanımadan çəkinib. Lakin son illərdə Təl-Əviv və Ankara arasında münasibətlərin pisləşməsi fonunda məsələ yenidən gündəmə gətirilib.

Türkiyə də İsrail hökumətinin qərarını sərt şəkildə tənqid edib. Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin bu addımını siyasi qərar kimi qiymətləndirib və pisləyib.

Məsələ Azərbaycan-İsrail münasibətlərində də həssas məqam kimi diqqət çəkir. Azərbaycan və İsrail arasında uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq mövcuddur. Lakin rəsmi Bakının açıqlaması göstərir ki, 1915-ci il hadisələrinin siyasiləşdirilməsi Azərbaycan tərəfindən regional sülh və tarixi həqiqətlər baxımından qəbuledilməz sayılır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930