Pakistan ABŞ prezidenti Donald Trampın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulmaq çağırışını rədd edib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, İslamabad ölkənin “təməl ideologiyaları” ilə ziddiyyət təşkil edən heç bir razılaşmaya qoşulmayacaq.
Bu barədə “Arab News” Pakistan rəsmisinə istinadən məlumat yayıb.
Asif yerli televiziya kanalına müsahibəsində bildirib ki, Pakistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Onun sözlərinə görə, “hazırda bu istiqamətdə Pakistan tərəfindən heç bir təşəbbüs irəli sürülməyib və heç kim bizdən bunu istəməyib”. Nazir vurğulayıb ki, İsraillə münasibətlərin normallaşdırılması Pakistan üçün “qəbuledilməzdir”.
Pakistanlı nazir İsraillə danışıqlar masasına oturmaq ideyasını da sərt tənqid edib. O bildirib: “Bir gün belə sözlərinə etibar edilməyənlərlə eyni masa arxasına necə oturmaq olar?” Asif həmçinin Pakistan pasportlarında İsrailin adının göstərilmədiyini xatırladaraq bunu ölkənin uzunmüddətli mövqeyinin göstəricisi kimi təqdim edib.
Məsələ Trampın İranla bağlı danışıqlar fonunda bir sıra müsəlman ölkələrini “İbrahim razılaşmaları”na qoşulmağa çağırmasından sonra gündəmə gəlib. ABŞ prezidenti Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanı İsraillə münasibətləri normallaşdırmağa çağırıb və bunu İranla mümkün razılaşmanın daha geniş regional çərçivəyə çevrilməsi kimi təqdim edib.
Pakistan bu təklifi rədd edən ilk ölkələrdən biri olub. Pakistan mənbəsi bildirib ki, İranla danışıqlar və “İbrahim razılaşmaları” bir-biri ilə əlaqəli məsələlər deyil və “Pakistan belə bir tələbə əməl etmək məcburiyyətində deyil”.
Pakistan İsraili dövlət kimi tanımır və bu ölkə ilə diplomatik münasibətlərə malik deyil. İslamabadın rəsmi mövqeyi Fələstin məsələsinin 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması ilə həllinə bağlıdır. Bu mövqe Pakistan daxilində həm siyasi dairələr, həm də ictimaiyyət tərəfindən geniş dəstəklənir.