Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfər edəcəyi bildirilir.
MSNews.az xəbər verir ki, “Reuters” Avropa İttifaqına istinadən fon der Lyayenin gələn həftə Cənubi Qafqaza səfər edəcəyini və həm Ermənistana, həm də Azərbaycana gedəcəyini yazıb.
Səfər marşrutuna əsasən, Ursula fon der Lyayenin iyulun 1-də Bakıya gələcəyi, daha sonra iyulun 2-3-də Yerevana səfər edəcəyi gözlənilir. Nəşr yazır ki, Avropa Komissiyası sədrini səfər zamanı Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.
Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları, rəqəmsal əlaqələr və regiondakı proseslərin müzakirə olunacağı gözlənilir. Səfərin tam gündəliyi ilə bağlı detallı rəsmi proqram hələlik açıqlanmayıb.
Fon der Lyayenin Azərbaycana əvvəlki səfəri 2022-ci il iyulun 18-də baş tutmuşdu. Həmin səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdı.
Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan bəyanatlarda Ursula fon der Lyayen Azərbaycanın Avropa İttifaqı üçün “mühüm enerji tərəfdaşı” olduğunu bildirmişdi. O zaman tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün artırılması məsələsini də müzakirə etmişdilər.
Avropa Komissiyasının enerji əməkdaşlığına dair rəsmi məlumatında da qeyd olunur ki, Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığı 2022-ci ildə Bakıda imzalanmış memorandum əsasında inkişaf etdirilir. Bu əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm istiqamətlərdən biri sayılır.
Eyni zamanda, “Reuters” səfərin Ermənistan istiqamətini də Brüsselin Cənubi Qafqazdakı siyasi fəallığının artması ilə əlaqələndirir. Agentliyin məlumatına görə, Avropa İttifaqı Ermənistanın siyasi təzyiqlər fonunda Brüssel ilə yaxınlaşmasını dəstəkləmək niyyətindədir.