İssık-Kul sahilində “Baku Resort & Spa” açılıb

Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycanın investisiyası ilə inşa olunan beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı keçirilib.

11

İyulun 31-də Qırğızıstanın İssık-Kul gölü sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı keçirilib.

MSNews.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva iştirak ediblər.

Tədbirə, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qatılıblar.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində inşa olunan mehmanxana kompleksi barədə məlumat verib.

Bildirilib ki, “Baku Resort & Spa” 2023-cü ildə Bişkekdə imzalanmış Azərbaycan hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisinə investisiya qoyuluşu haqqında saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən kompleks memarlıq, Azərbaycan mədəniyyəti, incəsənət, qastronomiya, sağlamlıq və istirahət imkanlarını bir araya gətirən turizm məkanı kimi layihələndirilib.

Mehmanxanada 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec yaradılıb. İlkin mərhələdə kompleksdə bir hissəsi Azərbaycan vətəndaşları olmaqla 255 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Kompleksdə ilboyu istirahət üçün qapalı və açıq hovuzlar, akvapark, çimərlik, boulinq və əyləncə oyunları zonası, kino zalı, eləcə də müxtəlif idman növləri üçün çoxfunksiyalı açıq meydança fəaliyyət göstərəcək.

Mehmanxanada Azərbaycan mətbəxinin təqdimatına da xüsusi yer ayrılıb. Restoranlarda milli təamlar, o cümlədən ənənəvi Azərbaycan səhər yeməkləri qonaqlara təqdim olunacaq.

Kompleksdə beynəlxalq konfransların, korporativ görüşlərin, biznes və sosial tədbirlərin keçirilməsi üçün müasir infrastruktur yaradılıb. Dizaynda Bakının memarlığını və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlərdən istifadə olunub.

Dünyanın ən böyük dağ göllərindən biri olan İssık-Kulun sahilində yerləşən mehmanxananın bölgəyə ilboyu turist axınının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və Qırğızıstanın turizm potensialının genişləndirilməsinə töhfə verəcəyi bildirilir.

“Baku Resort & Spa”nın istifadəyə verilməsi Azərbaycan və Qırğızıstan arasında dostluq, qardaşlıq və iqtisadi əməkdaşlığın növbəti mühüm layihəsi kimi qiymətləndirilir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.