İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində AYİB prezidenti Odile Reno-Basso ilə görüşərək Azərbaycanda su, enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsini müzakirə edib.

75

Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

Görüş zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub və bankın Azərbaycanda həyata keçirdiyi uğurlu layihələr qeyd edilib. Xüsusilə Gəncə və Şəkidə su sektorunda müxtəlif layihələr, həmçinin Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026–2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi müzakirə edilib.

Görüşdə bərpaolunan enerji sektorunda fəaliyyət, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsi, ölkənin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan bank sektoru, sahibkarlığın inkişafı və yerli və xarici investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə müzakirələr həyata keçirilib.