İsrailə dəstəyi Maksim Qalkinə baha başa gəldi

Rusiyalı şoumen Maksim Qalkinin İstanbulda keçirilməsi planlaşdırılan konserti İsraili dəstəkləyən açıqlamalarına qarşı boykot çağırışlarından sonra ləğv edilib. İstanbul Valiliyi qərarı ictimai asayiş və təhlükəsizlik səbəbləri ilə əsaslandırıb.

61

Rusiyalı şoumen və komediyaçı Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Qərar sənətçinin İsraili dəstəkləyən açıqlamalarına qarşı Türkiyədə genişlənən boykot çağırışları fonunda qəbul olunub.

MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” və Türkiyənin “Sabah” nəşrləri məlumat yayıb.

Oktyabrın 25-də İstanbul Konqres Mərkəzində keçirilməli olan tədbir İstanbul Valiliyinin qərarı ilə qadağan edilib.

Konsertin təşkilatçıları rəsmi açıqlamalarında bildiriblər ki, tədbirin ləğvinə səbəb ictimai asayiş və təhlükəsizliklə bağlı narahatlıqlar olub. Qərarın təşkilatçılardan və sənətçidən asılı olmadığı vurğulanıb.

Qalkin də sosial şəbəkə hesabında konsertin baş tutmayacağını təsdiqləyib. Təşkilatçılar biletlərə ödənilən vəsaitin geri qaytarılacağını açıqlayıblar.

Konsertin ləğvinə qədər Türkiyədə sənətçiyə qarşı boykot kampaniyası başlamışdı.

Türkiyənin “Yeni Şafak” nəşri Qalkinin İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını dəstəkləyən əvvəlki açıqlamalarını gündəmə gətirmişdi.

Sənətçi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra paylaşım edərək həlak olanların ailələrinə başsağlığı vermiş və “İsrail qalib gələcək!” ifadəsini işlətmişdi.

2024-cü ilin iyununda isə İsrail ordusunun Nuseyrat bölgəsində girovların azad edilməsi əməliyyatını müsbət qiymətləndirmişdi. Qalkin əməliyyat zamanı həlak olan israilli hərbçi Arnon Zamoranı qəhrəman adlandırmışdı. Həmin əməliyyat Fələstin tərəfdən çoxsaylı insan itkisi ilə nəticələnmişdi.

Bu açıqlamalar Türkiyədə bir sıra ictimai təşkilatların və fəalların etirazına səbəb olub.

Xüsusilə “7 Oktyabr” adlı ictimai hərəkat aidiyyəti qurumlara müraciət edərək Qalkinin İstanbulda səhnəyə çıxmasına icazə verilməməsini tələb edib.

Fəallar konsertin keçiriləcəyi təqdirdə İstanbul Konqres Mərkəzinin qarşısında etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.

Bundan sonra İstanbul Valiliyi təhlükəsizlik səbəblərini əsas gətirərək tədbirin keçirilməsinə icazə verməyib.

Qeyd edək ki, Maksim Qalkin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb.

Sənətçinin konsertlərinin siyasi mübahisələr fonunda ləğv edilməsi ilk dəfə baş vermir. Bundan əvvəl onun Qazaxıstan və İndoneziyada planlaşdırılan çıxışları da baş tutmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti