İmtahanlarda qulaqcıq qalmaqalı: Gəncədə məhkəmə həbs qərarı verdi

Gəncədə imtahanlarda qulaqcıqla kömək işi üzrə məhkəmə prosesi keçirildi, Kamran Əsədov barəsində həbs qətimkan tədbiri seçildi.

78

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlər ifadə veriblər.

Şahid qismində dindirilən Ramin Abdullayev bildirib ki, övladının imtahandan keçməsi üçün Əfsanə adlı müəllimin vasitəsilə Gündüz Abbasovla tanış olub. Onun sözlərinə görə, əvvəlcə 18 min manat tələb edilib, 9 min manat ödəniş edilib, lakin övladı imtahandan kəsilib və pul geri qaytarılmayıb.

Prosesdə çıxış edən Dövlət İmtahan Mərkəzinin nümayəndəsi bildirib ki, qanunsuz texniki vasitələr ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində imtahan verən iki abituriyentdən aşkar edilib və işin üstü bundan sonra açılıb.

Digər şahid, abituriyent Fərid Abdullayev Gündüz Abbasovu hazırlıq keçən müəllim kimi tanıdığını və imtahana girməzdən əvvəl qulaqcıq taxmalı olduğunu deyib.

Ruslan Çobanov isə məhkəmədə bildirib ki, vasitəçi kimi çıxış edib, valideyndən 125 min dollar alınıb, onun 77 min manatı qarşı tərəfə verilib, qalan məbləğ isə sonradan geri qaytarılıb.

Məhkəmədə həmçinin təqsirləndirilən Kamran Əsədovun qohumu Bəhman Hüseynli ifadə verərək bildirib ki, Gündüz Abbasov Kamran Əsədovun tələbə yoldaşı olub və otaqda saxlanılan qulaqcıqlar istintaqa təqdim edilib.

Hakim proses zamanı Naftalan şəhər Polis Şöbəsinə eyni hallarla bağlı digər şikayətlərin də daxil olduğunu açıqlayıb və qarşıdan gələn imtahanlarda oxşar hallarının təkrarlana biləcəyinə diqqət çəkib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən Kamran Əsədov barəsində məhkəmə müddətində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilərək istintaq təcridxanasına göndərilib. Proses fevralın 12-də davam etdiriləcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, Dövlət İmtahan Mərkəzindən daxil olan məlumatlar əsasında başlanmış cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İbtidai istintaqla müəyyən edilib ki, Gündüz Abbasovun təşkil etdiyi hazırlıq kursunda abituriyentlərə gizli texniki vasitələrlə köməklik göstərilib, ümumilikdə 11 nəfərin imtahanda qanunsuz dəstəklənməsinə əsaslı şübhələr mövcuddur.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasov, Kamran Əsədov Sənan Hüseynov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və cinayət işləri baxılması üçün məhkəmələrə göndərilib.