Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) və Ukrayna polisinin birgə əməliyyatı nəticəsində Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlamaqda şübhəli bilinən beynəlxalq kiberdələduzluq şəbəkəsi ifşa edilib. Kiyevdə fəaliyyət göstərən qanunsuz zəng mərkəzlərində işləyən 11 nəfər saxlanılaraq Azərbaycana gətirilib.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də Daxili İşlər Nazirliyi məlumat yayıb. Şəbəkə Ukraynanın müxtəlif şəhərlərində xidmət ofisləri adı altında yaradılan zəng mərkəzləri vasitəsilə fəaliyyət göstərib.
İstintaq materiallarına görə, şəbəkə üzvləri özlərini polis, bank, mobil operator və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək Azərbaycan vətəndaşlarına zəng ediblər.
Onlar vətəndaşlara bank hesablarında şübhəli əməliyyatlar aparıldığı, kartlarının bloklanacağı və ya pullarının təhlükədə olduğu barədə yalan məlumatlar veriblər. Daha sonra zərərçəkənlərdən kart məlumatlarını, SMS təsdiq kodlarını və məxfi şifrələri əldə etməyə çalışıblar.
Bəzi hallarda isə yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə olunub.
Əməliyyat zamanı beynəlxalq axtarışda olan Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da saxlanılaraq Azərbaycana gətiriliblər. DİN həmin şəxsləri şəbəkənin əsas təşkilatçıları kimi təqdim edir.
Araşdırmalar zamanı cinayət yolu ilə əldə olunduğu bildirilən vəsaitlərin bank hesablarında toplanaraq kriptovalyutaya çevrildiyi və xaricə göndərildiyi də müəyyən edilib.
Məlumata görə, şəbəkəyə yeni şəxslərin cəlb olunması üçün Telegram platformasında yüksək əməkhaqqı vəd edən saxta iş elanları yerləşdirilib.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə qrupun rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib, digər saxlanılan şəxslərlə bağlı istintaq davam edir.
DİN vətəndaşları naməlum şəxslərə bank kartı məlumatlarını və SMS təsdiq kodlarını verməməyə, şübhəli zənglərlə bağlı məlumatları yalnız rəsmi kanallar vasitəsilə yoxlamağa çağırıb.