BMT-yə üzv 51 dövlət Rusiyanı Ukraynadakı müharibə çərçivəsində dərhal, tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağa və sülh danışıqlarında substantiv iştirak etməyə çağırıb. Birgə bəyanat sentyabrın 23-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası ərəfəsində təqdim olunub.
MSNews.az xəbər verir ki, bəyanatı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, Fransanın xarici işlər naziri Jan-Noel Barro və Ukraynanın xarici işlər naziri Andriy Sibiha təqdim ediblər.
Sənədi dəstəkləyən ölkələr arasında Aİ üzvləri ilə yanaşı Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Cənubi Koreya, Gürcüstan, Moldova və digər dövlətlər yer alıb. ABŞ isə bəyanata qoşulan ölkələr sırasında olmayıb.
“Ukrainska Pravda” bu barədə məlumat yayıb.
Bəyanatda Ukraynanın 2025-ci ilin martından etibarən tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılıq verdiyi bildirilərək Rusiyadan da eyni addımı atmaq tələb olunub. Bunun sülhə aparan diplomatik proses və danışıqlar üçün zəruri mərhələ olduğu vurğulanıb.
51 dövlət həmçinin Rusiyadan həbsdə saxlanılan, məcburi köçürülən və ya deportasiya olunan ukraynalı mülki şəxslərin, o cümlədən uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını istəyib. Hərbi əsirlərin və internasiya olunmuş şəxslərin tam şəkildə geri qaytarılmasına da çağırış edilib.
Birgə bəyanatda Qara dənizdəki vəziyyətə də toxunulub. İmzacı ölkələr gəmiçilik azadlığının və kommersiya daşımalarının təhlükəsizliyinin təmin edilməsini dəstəklədiklərini, Ukraynanın taxıl ixracının məhdudlaşmasının qlobal ərzaq təhlükəsizliyinə təsir göstərə biləcəyini bildiriblər.
“Ukrayna sülh istəyir. Biz sülh istəyirik. Rusiya təcavüzü dayandırmalı, atəşkəsə razılaşmalı və beynəlxalq hüquqa uyğun hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlarda substantiv şəkildə iştirak etməlidir”, – bəyanatda qeyd olunub.