Banqladeşdə davam edən ağır qızılca epidemiyası nəticəsində təsdiqlənmiş xəstəlik və qızılcaya bənzər simptomlarla əlaqələndirilən ölümlərin sayı 1 030-a yüksəlib. Son sutkada daha 8 uşağın həyatını itirdiyi bildirilib.
MSNews.az xəbər verir ki, Banqladeşin Səhiyyə Xidmətləri Baş İdarəsinin məlumatını yayımlayan “Bangladesh Sangbad Sangstha” bildirir ki, martın 15-dən sentyabrın 14-dək qeydə alınan 1030 ölümün 100-ü laboratoriya ilə təsdiqlənmiş qızılca, 930-u isə qızılcaya bənzər simptomlarla müşayiət olunan şübhəli hallar kimi təsnif edilib.
Son sutkada ölkədə 1177 yeni şübhəli yoluxma qeydə alınıb. “The Daily Star” DGHS məlumatlarına istinadən yazır ki, martın ortalarından bəri şübhəli yoluxmaların sayı 172 720-yə, laboratoriyada təsdiqlənən halların sayı isə 20 124-ə çatıb. Eyni dövrdə 152 mindən çox xəstə hospitalizasiya olunub
Avqust ayında vəziyyət yenidən pisləşib. “The Daily Star” bildirir ki, həmin ay 136 nəfər qızılca və qızılcaya bənzər simptomlarla əlaqəli olaraq ölüb. İyulda bu göstərici 119 olmuşdu. Avqustda 32 934 yoluxma qeydə alınıb ki, bu da əvvəlki aydan yüksəkdir.
Epidemiyanın əsas səbəblərindən biri peyvəndləmədə yaranmış boşluqlar hesab olunur. “Reuters”in məlumatına görə, 2024 və 2025-ci illərdə ölkədəki siyasi böhran, peyvənd tədarükündə problemlər və planlaşdırılmış immunizasiya kampaniyalarının pozulması minlərlə uşağın peyvəndsiz qalmasına səbəb olub. 2025-ci ildə uşaqlar arasında qızılcaya qarşı ikinci doza peyvəndlə əhatə səviyyəsi əvvəlki ildəki 93%-dən 86%-ə enib.
Banqladeş hökuməti Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Gavi-nin dəstəyi ilə aprelin 5-də fövqəladə qızılca–məxmərək peyvənd kampaniyasına başlayıb. İlkin mərhələdə 6 aylıqdan 5 yaşadək uşaqların peyvəndlənməsi nəzərdə tutulub, aprelin 20-dən isə kampaniya ölkə üzrə genişləndirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, kampaniya çərçivəsində artıq 19,7 milyondan çox uşaq peyvənd olunub. Buna baxmayaraq, mütəxəssislər yalnız fövqəladə kampaniyanın kifayət etmədiyini, rutin immunizasiyada yaranmış boşluqların aradan qaldırılmasının vacib olduğunu bildirirlər.
Ümumdünya Səhiyyə Təşkilatı qızılcanı son dərəcə yoluxucu virus xəstəliyi kimi xarakterizə edir. Xəstəlik xüsusilə azyaşlı və peyvənd olunmamış uşaqlarda pnevmoniya, ensefalit — beyin iltihabı, ağır susuzlaşma, korluq və ölümə səbəb ola bilər. İki doza peyvənd isə xəstəliyə qarşı əsas və ən effektiv qorunma üsuludur.