Özbəkistanda uşaqlara qarşı seksual cinayətlərə görə ömürlük həbs gəlir

Özbəkistan Senatı 14 yaşına çatmamış uşaqlara qarşı zorlanma və digər ağır seksual cinayətlərə görə 25 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutan qanun dəyişikliklərini dəstəkləyib.

73

Özbəkistanda 14 yaşına çatmamış uşaqlara qarşı zorlanma və digər xüsusilə ağır seksual cinayətlərə görə 25 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, Özbəkistan Ali Məclisinin Senatı oktyabrın 2-də uşaqların zorakılığın bütün formalarından müdafiəsini gücləndirən qanun dəyişikliklərini müzakirə edib və dəstəkləyib. Yeni normalar Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası və Əmək məcəllələri də daxil olmaqla bir sıra qanunvericilik aktlarına dəyişiklikləri əhatə edir.

Senatın məlumatına görə, 14 yaşına çatmamış uşağa qarşı zorlanma və zor tətbiq etməklə digər ağır seksual xarakterli əməllər üçün uzunmüddətli həbs — 25 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası tətbiq oluna biləcək. Hazırkı qanunvericilikdə isə 14 yaşına çatmamış şəxsin zorlanmasına görə 15 ildən 20 ilədək həbs nəzərdə tutulur.

Yeni dəyişikliklər uşaqların cinsi toxunulmazlığına qarşı törədilən bu kateqoriyadan olan cinayətlər üzrə cinayət məsuliyyətinə cəlbetmə və hökmün icrası üçün müddətin keçməsi institutunun tətbiq edilməməsini də nəzərdə tutur. Yəni belə cinayətlərdə müəyyən müddətin keçməsi şəxsin məsuliyyətdən və ya cəzadan azad edilməsinə əsas olmayacaq.

Bundan başqa, uşağın ölümü ilə nəticələnən qəsdən cinayət törətmiş şəxslərə münasibətdə şərti məhkumetmə və vaxtından əvvəl şərti azadlığa buraxılmanın tətbiqi qadağan edilir.

Qanun dəyişiklikləri zərərçəkmiş uşaqların istintaq və məhkəmə prosesində müdafiəsini də gücləndirir. Zorakılığa məruz qalan və ya belə hadisənin şahidi olan uşaqların dövlət hesabına hüquqi yardımla təmin edilməsi, müəyyən dindirmələrin videoya alınması və şübhəli və ya təqsirləndirilən şəxslə üzləşmələrin xüsusi qaydada keçirilməsi nəzərdə tutulur.

Əgər zorakılığın uşağın yaxın qohumu tərəfindən törədilməsi ehtimalı varsa, istintaq və məhkəmə prosesinə qəyyumluq və himayəçilik orqanlarının nümayəndəsinin cəlb olunması da nəzərdə tutulur.

“Kun.uz” yazır ki, qanun layihəsi “Adolat” Sosial Demokrat Partiyası fraksiyasının təşəbbüsü ilə hazırlanıb və uşaqlara qarşı zorakılığa görə məsuliyyətin sərtləşdirilməsini hədəfləyir.

Qanun qüvvəyə minməsi üçün növbəti hüquqi prosedurlardan keçməli və Özbəkistan Prezidenti tərəfindən imzalanmalıdır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.