Azərbaycanda işçilərin minimum 21 təqvim günü olan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir. Dəyişiklik qəbul edilərsə, işçilər əmək münasibətləri davam etdiyi müddətdə bu məzuniyyət hüququnu pul əvəzinə istirahət üçün istifadə etməli olacaqlar.
MSNews.az xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində qeyd edilib.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 114-cü maddəsində müəyyən edilmiş minimum 21 təqvim günlük məzuniyyətin kompensasiya ilə əvəz olunmasına icazə verilməyəcək.
Yeganə istisna əmək müqaviləsinə xitam verilməsi halıdır. Belə ki, işçi işdən ayrılarkən istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası almaq hüququnu qoruyacaq.
Bundan başqa, qanun layihəsində əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarının dəqiqləşdirilməsi də nəzərdə tutulur.
Dəyişikliklərin 2027-ci ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalar hələlik layihə mərhələsindədir.