Aprelin 10-da Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar anım mərasimi keçirilib. MSNews.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.
Mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Daha sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar, mərhumun xatirəsi ehtiramla yad olunub və onun dini-ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Həmçinin qeyd olunur ki, Əli Xameneinin həlak olmasının 40-cı günü ilə bağlı həmin gün Naxçıvanda da anım mərasimi keçirilib. Bu, Azərbaycanda İranın ali dini-siyasi liderinin xatirəsinə həsr olunmuş tədbirlərin bir neçə məkanda təşkil edildiyini göstərir.
