Xankəndidə Mədəniyyət Mərkəzi istifadəyə verildi

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə 348 yerlik zal, kino və akt zalları, dərnək otaqları və turizmyönümlü xidmət sahələri yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına görülən işlər barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib. 

Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Aparılan əsaslı yenidənqurma işləri nəticəsində mərkəzdə mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə və turizmyönümlü xidmətlərin göstərilməsi üçün müasir şərait yaradılıb.

Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası fəaliyyət göstərəcək. Mərkəzin 348 yerlik zalında konsertlər, tamaşalar, film nümayişləri, təqdimatlar, rəsmi görüşlər və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.

Yenidənqurma işlərindən sonra Mədəniyyət Mərkəzi əhalisi artan, o cümlədən tələbə həyatı ilə canlanan Xankəndinin mədəni mühitinin inkişafında mühüm rol oynayacaq. Mərkəzin şəhərdə kütləvi tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevriləcəyi gözlənilir.

Bu layihə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə infrastruktur, sosial obyektlər və yaşayış məntəqələri ilə yanaşı, mədəni irsin qorunması və mədəni həyatın bərpasına da xüsusi diqqət ayrılır.