Almaniya Kansleri Fridrix Merts hazırkı Federal Prezident Frank-Valter Ştaynmayerin yerinə qadın namizəd irəli sürmək niyyətində olduğunu açıqlayıb. Namizəd seçkilərdə qalib gələrsə, Almaniya tarixində ilk dəfə qadın prezident vəzifəsini tutacaq.
MSNews.az xəbər verir ki, Merts bu barədə noyabrın 2-də Berlində Xristian Demokrat İttifaqının (CDU) qapalı toplantısında danışıb. Məlumatı “Tagesschau” yayıb.
“Partiyaya ortaq namizəd, siyasi mərkəzi təmsil edən qadın namizəd təklif edəcəyəm. Bu məsələdə qərarım qətidir: namizəd qadın olmalıdır”, – deyə kansler bildirib.
Mümkün namizədlər arasında Bundestaqın sədri Yuliya Klökner, Bavariya parlamentinin rəhbəri İlze Aygner, təhsil naziri Karin Prien və keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauerin adları çəkilir.
Prezident seçkiləri 30 yanvar 2027-ci ildə keçiriləcək. Merts namizədin CDU, Bavariyanın Xristian Sosial İttifaqı (CSU), Sosial Demokrat Partiyası (SPD) və “Yaşıllar” tərəfindən dəstəklənməsinə çalışır.
Almaniyada federal prezidenti xalq birbaşa deyil, Federal Məclis (Bundesversammlung) seçir. Ölkənin indiyədək bütün federal prezidentləri kişi olub.