İran tərəfi İordaniyada yerləşən Müvəffəq əs-Səlti aviabazasına endirilən zərbənin nəticələrini əks etdirdiyi bildirilən peyk görüntülərini yayıb.
MSNews.az-ın məlumatına görə, İranın “Fars” agentliyinin yaydığı materiallarda bazanın “əvvəl” və “sonra” görüntüləri müqayisə edilir. İran tərəfi iddia edir ki, zərbə nəticəsində ABŞ aviasiyasına məxsus anqarlardan biri tamamilə məhv edilib.
Yayılan məlumatlarda bildirilir ki, zərbə nəticəsində ABŞ-yə məxsus bir neçə pilotlu və pilotsuz uçuş aparatı da sıradan çıxarılıb. İddialara əsasən, məhv edilən texnika arasında ən azı bir F-15 qırıcısı da ola bilər.

Bundan əvvəl bəzi Qərb nəşrlərində də İordaniyadakı ABŞ hərbi obyektlərinə endirilən hücumlar nəticəsində hava texnikasının zərər gördüyü barədə məlumatlar yer almışdı. Həmçinin daha əvvəl yayılan məlumatlarda bir neçə hərbi helikopterin də vurulduğu bildirilirdi.
Bununla belə, İranın yaydığı peyk görüntülərinin həqiqiliyi, eləcə də zərərin miqyası barədə məlumatlar hələlik müstəqil şəkildə tam təsdiqlənməyib. ABŞ tərəfi də yayılan iddialarla bağlı bütün detalları açıq şəkildə təsdiqləməyib.