Türkiyə və İsrailin ortaq strateji maraqları qalır

“Ynet”in təhlilinə görə, Ankara ilə Təl-Əviv arasında kəskin siyasi qarşıdurmaya baxmayaraq, təhlükəsizlik, enerji, Azərbaycan və ABŞ amili iki ölkə arasında tam qopmanı az ehtimallı edir.

58

Türkiyə və İsrail arasında siyasi münasibətlərin ciddi şəkildə gərginləşməsinə baxmayaraq, iki ölkənin təhlükəsizlik, enerji və regional sabitliklə bağlı bir sıra strateji maraqları üst-üstə düşməkdə davam edir.

MSNews.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrində hüquq professoru Məhəmməd Vəttadın dərc olunan analitik məqaləsində bildirilir. Müəllif hesab edir ki, Ankara və Təl-Əviv arasındakı sərt ictimai ritorika münasibətlərin real strateji mənzərəsini tam əks etdirmir.

Təhlildə qeyd olunur ki, tərəflər Şərqi Aralıq dənizində naviqasiya azadlığının, ticarət yollarının və dənizdəki enerji infrastrukturunun təhlükəsizliyinin qorunmasında maraqlıdırlar. Müəllifin fikrincə, siyasi qarşıdurmaya baxmayaraq, bu sahələrdə praktik maraqlar qalmaqdadır.

Suriya və Livan da ortaq təhlükəsizlik maraqlarının mövcud olduğu istiqamətlər kimi göstərilir. “Ynet”in təhlilinə görə, həm Türkiyə, həm də İsrail bu ölkələrdə təhlükəsizlik boşluğunun İranın dəstəklədiyi qüvvələr və nəzarətsiz radikal qruplaşmalar tərəfindən doldurulmasında maraqlı deyil. Bununla yanaşı, Ankara ilə Təl-Əvivin Suriyadakı maraqları ciddi şəkildə toqquşur və Türkiyənin burada artan hərbi-siyasi rolu İsraildə narahatlıq doğurur.

Azərbaycan amili

Təhlildə Azərbaycan ayrıca strateji amil kimi göstərilir. Həm Türkiyənin, həm də İsrailin Bakı ilə sıx münasibətlərinin sərt siyasi ritorikaya baxmayaraq regional təhlükəsizlik və enerji maraqlarının qorunmasına nümunə olduğu qeyd edilir.

Bakı bundan əvvəl iki ölkə arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik rolunu da üzərinə götürüb. “Ynet” yazır ki, Azərbaycan 2025-ci ildən Türkiyə və İsrail nümayəndələri arasında danışıqlara ev sahibliyi edib və Suriyada tərəflər arasında təsadüfi hərbi toqquşmaların qarşısını almağa yönəlmiş koordinasiya mexanizminin yaradılmasına kömək göstərib.

ABŞ münasibətlərin tam qopmasının qarşısını alan amillərdən biridir

Məqalədə ABŞ da əsas balanslaşdırıcı qüvvələrdən biri kimi göstərilir. Vaşinqton İsrailin əsas strateji müttəfiqi olmaqla yanaşı, Türkiyə ilə NATO çərçivəsində mühüm təhlükəsizlik əlaqələrinə malikdir. Müəllifin qiymətləndirməsinə görə, ABŞ Türkiyəni İran və regional radikal qüvvələr qarşısında potensial tarazlaşdırıcı aktor kimi də görür.

Bu yanaşmanın praktik nümunəsi Suriyada görünür. “Reuters” avqustda ABŞ-ın Türkiyə, İsrail və Suriya arasında hərbi insidentlərin qarşısını almaq üçün daha güclü koordinasiya mexanizmi yaratmağa çalışdığını bildirmişdi. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak belə kanalın yanlış hesablamaların birbaşa qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün lazım olduğunu deyib.

Bununla belə, “Ynet” müəllifi İsrailin Türkiyə ilə münasibətlərdə ehtiyatlı siyasət yürütməli olduğunu düşünür. Təhlildə Təl-Əvivə Ankara ilə işlək əlaqə kanallarını saxlamaqla yanaşı, Yunanıstan və Kiprlə strateji tərəfdaşlığı, İordaniya ilə əməkdaşlığı, Səudiyyə Ərəbistanı və ABŞ-la koordinasiyanı gücləndirmək tövsiyə olunur.

İsrail ilə Yunanıstan arasında təhlükəsizlik əməkdaşlığı artıq əhəmiyyətli dərəcədə genişlənib. Avqustun sonunda tərəflər Yunanıstan üçün çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutan 3 milyard avroluq müdafiə sazişi imzalayıblar.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.