ABŞ-Rusiya kosmik heyəti Yerə qayıtdı

Kris Uilyams, Sergey Kud-Sverçkov və Sergey Mikayev Beynəlxalq Kosmik Stansiyada 241 gün davam edən missiyadan sonra Qazaxıstanda uğurla eniş ediblər.

10

NASA astronavtı Kris Uilyams və rusiyalı kosmonavtlar Sergey Kud-Sverçkovla Sergey Mikayev Beynəlxalq Kosmik Stansiyada səkkiz ay davam edən missiyadan sonra Yerə qayıdıblar.

MSNews.az xəbər verir ki, üç nəfərlik heyəti daşıyan “Soyuz MS-28” kosmik gəmisi iyulun 26-da yerli vaxtla saat 15:27-də Qazaxıstanın Jezkazğan şəhərinin cənub-şərqində yerləşən əraziyə paraşütlə təhlükəsiz eniş edib.

NASA-nın məlumatına görə, ekipaj kosmosda ümumilikdə 241 gün keçirib. Bu müddət ərzində onlar Yer ətrafında 3 856 dəfə dövrə vuraraq təxminən 164 milyon kilometr məsafə qət ediblər. Heyət Beynəlxalq Kosmik Stansiyaya 27 noyabr 2025-ci ildə yola düşmüşdü.

Kris Uilyams və Sergey Mikayev üçün bu, ilk kosmik missiya olub. Sergey Kud-Sverçkov isə ikinci dəfə kosmosa səfər edib. “Reuters” “Soyuz MS-28” kapsulunun nəzərdə tutulan əraziyə uğurla endiyini və heyətin vəziyyətinin normal olduğunu bildirib.

Kris Uilyams stansiyada olduğu müddətdə xərçəng xəstəliklərinin yeni müalicə üsulları və yüksək məhsuldarlıqlı kompüterlərdə istifadə edilən materialların kosmosda istehsalı ilə bağlı elmi tədqiqatlara dəstək verib. O, həmçinin stansiyadan kənarda iki dəfə açıq kosmosa çıxıb.

Kosmik gəzintilər zamanı Beynəlxalq Kosmik Stansiyanın enerji sistemlərinin yenilənməsi üçün hazırlıq işləri aparılıb və “Kanadarm-2” robot qolundakı nasaz birləşmə dəyişdirilib. NASA bu araşdırmaların gələcəkdə Aya və Marsa uzunmüddətli insan missiyalarının hazırlanmasına kömək etdiyini bildirib.

Enişdən sonra ekipaj üzvləri ilkin tibbi müayinədən keçirilib və helikopterlə Qaraqanda şəhərinə aparılıblar. Kris Uilyamsın buradan NASA təyyarəsi ilə ABŞ-nin Hyuston şəhərindəki Conson Kosmik Mərkəzinə yola düşəcəyi, rusiyalı kosmonavtların isə Rusiyaya qayıdacağı bildirilib.

“Associated Press” qeyd edir ki, Rusiya ilə Qərb arasında siyasi gərginliyə baxmayaraq, ABŞ və Rusiya Beynəlxalq Kosmik Stansiyanın fəaliyyəti çərçivəsində əməkdaşlığı davam etdirirlər. Yeni heyət iyulun 14-də Baykonur kosmodromundan stansiyaya göndərilib.