Qazaxıstanın paytaxtı Astanada ictimai yerlərdə üzü tam örtən geyimdən istifadə edən 21 qadın inzibati məsuliyyətə cəlb edilib.
MSNews.az “Orda”-ya istinadən xəbər verir ki, polis yoxlamalar zamanı üzün tanınmasına mane olan geyim və aksessuarlardan istifadə edən qadınları müəyyən edib. Onlar barəsində Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 434-3-cü maddəsinin 1-ci hissəsi üzrə inzibati protokollar tərtib olunub.
Astananın polis departamenti bildirib ki, hüquq-mühafizə orqanları şəhərin parklarında, küçələrində və ticarət-əyləncə mərkəzlərində maarifləndirici tədbirləri davam etdirir. “NUR.KZ”-nin məlumatına görə, vətəndaşlara ictimai yerlərdə üzün identifikasiyasına mane olan geyimlərdən istifadəyə dair qanunvericiliyin tələbləri və pozuntuya görə hüquqi nəticələr izah olunur.
Qazaxıstanda ictimai yerlərdə üzü tanımağa mane olan geyimlərin istifadəsinə qadağa 2025-ci il iyulun 12-dən qüvvədədir. Qanun tibbi zərurət, hava şəraiti, xidməti vəzifələrin icrası, mülki müdafiə tədbirləri, həmçinin idman və kütləvi-mədəni tədbirlər kimi hallarda istisnalar nəzərdə tutur.
“Reuters” yazır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci il iyunun 30-da ictimai yerlərdə üzü tanımağa mane olan geyimlərin istifadəsini qadağan edən qanunu imzalayıb. Qanunda konkret olaraq dini geyimlərin adı çəkilmir, lakin beynəlxalq media bu addımın niqab və burqa kimi üzü tam örtən geyimlərə də şamil edildiyini qeyd edir.
Qazaxıstan mediasının məlumatına görə, ilk pozuntu zamanı xəbərdarlıq, bir il ərzində təkrar pozuntu halında isə 10 aylıq hesablama göstəricisi məbləğində cərimə nəzərdə tutulur. “NUR.KZ” bu məbləğin 43 min tenge olduğunu yazır.