YAP-dan Ərdoğanın baş müşavirinə və AKP deputatlarına sərt cavab

Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP deputatlarının Azərbaycanla bağlı açıqlamalarına etiraz edib. Partiya Azərbaycanın dünyəvi dövlət quruluşunun, təhsil siyasətinin və İsraillə münasibətlərinin siyasi manipulyasiya predmetinə çevrilməsini qəbuledilməz adlandırıb.

53
Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların Azərbaycanla bağlı açıqlamalarına sərt reaksiya verib. Partiya həmin bəyanatları məsuliyyətsiz və populist adlandıraraq onların Azərbaycan–Türkiyə münasibətlərində süni gərginlik yarada biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 13-də YAP-ın Mətbuat Xidməti açıqlama yayıb.

Partiyanın bəyanatında qeyd olunub ki, uzun müddətdir Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində, o cümlədən AKP-yə yaxın informasiya resurslarında Azərbaycan haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayıldığı müşahidə edilir.

YAP bildirib ki, AKP ilə tərəfdaşlıq münasibətlərini və iki xalq arasındakı tarixi qardaşlıq bağlarını nəzərə alaraq indiyədək belə hallara təmkinlə yanaşıb.

Lakin Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim partiyanın deputatlarının son açıqlamaları YAP-ın açıq mövqe bildirməsinə səbəb olub.

Bəyanatda vurğulanıb ki, həmin siyasətçilər Azərbaycanın konstitusion quruluşunu və dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan açıqlamalar veriblər.

“Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər”, – deyə partiya bildirib.

Azərbaycan–İsrail münasibətləri ilə bağlı ittihamlara cavab

YAP bəyanatında Azərbaycanla İsrail arasındakı əlaqələrin siyasi ittiham predmetinə çevrilməsinə də etiraz edib.

Partiya Azərbaycanın İsraillə beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malik olduğunu vurğulayıb.

Eyni zamanda, Azərbaycanın Fələstin xalqının hüquqlarını dəstəklədiyi, bu ölkəyə maliyyə və humanitar yardımlar göstərdiyi xatırladılıb.

Bildirilib ki, Azərbaycan Fələstin məsələsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Bəyanatda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyətinin də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunduğu qeyd edilib.

Məktəbli forması və dünyəvilik məsələsinə münasibət

YAP Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin xarici siyasi müzakirələrdə manipulyasiya vasitəsinə çevrilməsini qəbuledilməz hesab edib.

Partiya xatırladıb ki, həm Azərbaycan, həm də Türkiyə konstitusiyalarında dövlətin dünyəvi xarakteri təsbit olunub.

Bəyanatda baş örtüyü kimi dini baxımdan həssas məsələlərdən siyasi qarşıdurma və cəmiyyət daxilində bölücülük yaratmaq məqsədilə istifadənin yolverilməz olduğu vurğulanıb.

YAP-ın mövqeyinə görə, Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi mübahisələr də cəmiyyətdə qütbləşməni dərinləşdirir.

Partiya sonda Türkiyənin müvafiq siyasi dairələrini Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək açıqlamalardan çəkinməyə çağırıb.

YAP ümid etdiyini bildirib ki, Türkiyədəki siyasətçilər səsləndirilən iradlardan nəticə çıxaracaq və iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addımlardan uzaq duracaqlar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.