Pentaqon yeni UFO videoları yayıb

ABŞ Müdafiə Nazirliyi UFO/UAP-larla bağlı yeni sənədlər və videolar dərc edib. Paketə hərbi platformalardan çəkilmiş 51 video, audio fayllar və sənədlər daxildir.

ABŞ Müdafiə Nazirliyi naməlum anomal hadisələr — UAP, daha geniş yayılmış ifadə ilə UFO-larla bağlı yeni sənədlər və videolar dərc edib. Materiallar ABŞ hökumətinin UAP sənədlərinin mərhələli şəkildə ictimaiyyətə açılması proqramı çərçivəsində yayımlanıb. Rəsmi məlumatda bildirilir ki, bu materiallar hələ izahı tam verilməmiş hadisələrə aiddir və hökumət müşahidə olunan obyektlərin mahiyyəti barədə qəti nəticəyə gələ bilməyib.

“CBS News”-un məlumatına görə, sonuncu paketə ümumilikdə 64 fayl daxildir: 6 PDF sənədi, 7 audio fayl və 51 video. Videolar hərbi platformalardan çəkilmiş UAP görüntülərini əhatə edir və hər bir materiala ayrıca təsvir əlavə olunub.

Yayımlanan materiallar arasında infraqırmızı sensorla çəkilmiş görüntülər də var. ABŞ Ordusunun AARO-ya təqdim etdiyi videolardan biri 2026-cı ildə ABŞ hərbi platformasının infraqırmızı sensoru ilə qeydə alınıb və 1 dəqiqə 49 saniyə davam edir. Rəsmi təsvirə görə, görüntüdə sensor əvvəlcə müşahidə sahəsini izləyir, daha sonra iki kontrast sahəsini müşahidə etmək üçün görüntünü yaxınlaşdırır və obyektləri kadrın mərkəzində saxlamağa çalışır.

“The Guardian” yazır ki, yeni videolarda Yaxın Şərq, İran ətrafı və Suriya səması ilə bağlı müxtəlif UAP müşahidələri yer alır. Məsələn, 2019-cu ilə aid bir videoda Fars körfəzi üzərində üç obyektin formasiya şəklində uçduğu, 2022-ci ilə aid başqa görüntüdə isə İran sahilləri yaxınlığında su üzərində dörd naməlum obyektin hərəkət etdiyi görünür. 2021-ci ildə Suriya üzərində çəkilmiş başqa bir görüntüdə isə obyektin yüksək sürətlə uzaqlaşdığı bildirilir.

Bununla belə, Pentaqonun açıqlaması bu görüntülərin yadplanetli mənşəli olduğunu təsdiqləmir. Rəsmi izaha görə, yayımlanan materiallar “izahı tam verilməmiş” hadisələrə aiddir; bu isə çox vaxt məlumatın kifayət qədər olmaması, sensor məhdudiyyətləri və ya müşahidə şəraitinin natamamlığı ilə bağlı ola bilər.

“The Guardian” da qeyd edir ki, AARO daha əvvəl minlərlə görüntü və yazılı ifadə arasında yadplanetli mənşəyə dair sübut tapmadığını bildirib. Nəşr vurğulayır ki, yeni videolar ictimai marağı artırsa da, onların heç biri təkbaşına yadplanetli həyat və ya texnologiyanın mövcudluğunu sübut etmir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, yayımlanan fayllar təhlükəsizlik baxımından yoxlanılıb, lakin onların bir çoxu hələ anomaliyaların izahı baxımından tam analiz edilməyib. Pentaqon sənədlərin mərhələli şəkildə dərc olunacağını və yeni materialların növbəti paketlərlə ictimaiyyətə təqdim ediləcəyini bildirir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.