2 avqust 2027-ci il tarixində baş verəcək tam Günəş tutulması — Ayın Günəşi 6 dəqiqə 23 saniyə ərzində tamamilə örtəcəyi nadir hadisə kimi tarixə düşəcək. Astronomiya həvəskarlarını heyran edəcək əsrin ən möhtəşəm təbiət hadisələrindən biri üçün geri sayım artıq başlayıb.
Bu hadisəni xüsusi edən yalnız onun uzunluğu deyil; həm də müşahidə edilə biləcəyi unikal coğrafi ərazidir.
Tutulmanın tam müşahidə zolağı təxminən 258 kilometr enində olacaq və Atlantik okeanından başlayaraq qitələrarası bir marşrut izləyəcək: Cənubi İspaniya, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı və Yəmən üzərindən keçərək Somali sahillərində, Hind okeanında sona çatacaq.
Hadisənin zirvə nöqtəsi — Günəşin ən uzun müddət (6 dəqiqə 23 saniyə) tamamilə qaranlığa qərq olacağı an Misirin qədim Luksor şəhəri yaxınlığında baş verəcək. Alimlər bildirirlər ki, bu bölgə ideal müşahidə şəraitinə malik olacaq. Kanadalı meteoroloq Cey Anderson qeyd edir: “Şərqi Liviya və Qərbi Misirdə bulud ehtimalı demək olar ki, sıfırdır”.
Yeganə çətinlik — 40°C-dən yüksək gündüz istiləri olacaq. Lakin bu da göy hadisəsi həvəskarlarını dayandıra bilmir; Misir, Liviya və Tunisdə otellərin yerləri artıq sürətlə tükənir.
90 ildən sonra yenidən…
2027-ci ildəki bu tutulma, XXI əsrin ən uzun ikinci tam Günəş tutulması olacaq. Əsrin rekordunu isə 2009-cu ildə Hindistan və Çin üzərindən keçən, 6 dəqiqə 39 saniyə davam edən tutulma saxlayır.
Oxşar uzunluqda növbəti tutulmanı izləmək üçün isə səma həvəskarlarının təxminən 90 il gözləməsi lazım olacaq — bu hadisə 3 iyun 2114-cü ildə baş verəcək.
Qısa desək, 2 avqust 2027-də Günəş 6 dəqiqəlik sükutla “sönəcək” və Misir səması bir əsrdə bir dəfə rast gəlinən möhtəşəm mənzərəyə şahidlik edəcək.
MS-News.az