Konqo Demokratik Respublikasında Rusiyanın “Afrika korpusu” ilə ABŞ-nin “Blackwater” özəl hərbi şirkətinin təsisçisi Erik Prinsə bağlı silahlı dəstə arasında toqquşma baş verdiyi iddia olunur. Pusqu nəticəsində keçmiş UFC döyüşçüsü Tim Kennedi yaralanıb, Yeni Zelandiya xüsusi təyinatlı qüvvələrinin sabiq hərbçisi Castin Konoqlen isə həlak olub.
MSNews.az xəbər verir ki, “Agenstvo” nəşrinin “Atlas News” OSINT layihəsinə istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 17-də Konqonun Cənubi Kivu əyalətində baş verib. Hücumun Rusiyanın “Afrika korpusu” ilə əlaqəli silahlılar tərəfindən təşkil oluna biləcəyi ehtimal edilir. Lakin Rusiya qüvvələrinin hadisədə iştirakı müstəqil şəkildə təsdiqlənməyib.
“Reuters” agentliyinin araşdırmasına əsasən, pusquya düşən dəstə Erik Prinsin “Vectus Global” şirkəti ilə əlaqəli olub. Hücum nəticəsində ölən və yaralananların ümumi sayının təxminən 20 nəfər olduğu bildirilir. Həlak olanlar arasında azı yeddi Konqo vətəndaşı və Yeni Zelandiyanın keçmiş xüsusi təyinatlı hərbçisi də var.
ABŞ xüsusi təyinatlı qüvvələrinin veteranı, keçmiş UFC döyüşçüsü Tim Kennedi hücum zamanı ayağından üç güllə yarası alıb. O, ABŞ-a təxliyə edilərək Vaşinqton yaxınlığındakı Uolter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib.
Kennedi ilə birlikdə fəaliyyət göstərən Yeni Zelandiya xüsusi təyinatlı qüvvələrinin sabiq üzvü Castin Konoqlen isə hücum nəticəsində həyatını itirib.
Bu barədə “Stars and Stripes” məlumat yayıb.
Erik Prinsin “Vectus Global” şirkəti Konqo hökumətinə faydalı qazıntıların hasilatından əldə olunan gəlirlərin qorunması, qaçaqmalçılıqla mübarizə və vergi yığımına nəzarət sahələrində xidmət göstərir.
“Reuters”in 2025-ci ilin aprelində dərc etdiyi araşdırmada Prinsin Konqo hakimiyyəti ilə ölkənin mineral ehtiyatlarından əldə olunan gəlirlərin qorunmasına dair razılaşma əldə etdiyi bildirilmişdi.
Hücumun arxasında hansı qüvvələrin dayandığı hələlik dəqiq müəyyənləşdirilməyib. “Reuters”in Konqo hökumətinə yaxın mənbələri isə pusqunun Ruandanın dəstəklədiyi M23 üsyançı hərəkatı ilə əlaqəli qüvvələr tərəfindən təşkil edilmiş ola biləcəyini bildiriblər.
Beləliklə, Rusiya hərbçilərinin hadisədə iştirakı barədə iddialar təsdiqlənməyib. Konqo və Ruanda hakimiyyətləri, eləcə də M23 nümayəndələri hücumla bağlı sorğulara dərhal cavab verməyiblər. “Vectus Global” şirkəti isə hadisəni şərh etməkdən imtina edib.