ABŞ-da bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Milyonlarla amerikalı Nümayəndələr Palatası və Senatın yeni tərkibini müəyyənləşdirmək üçün səs verir. Seçkilərin nəticələri Prezident Donald Trampın səlahiyyət müddətinin qalan iki ilində siyasi gündəliyini həyata keçirmək imkanlarına ciddi təsir göstərə bilər.
MSNews.az xəbər verir ki, səsvermə zamanı Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən 35-i, həmçinin 36 ştatın qubernatoru müəyyənləşəcək.
“Reuters” agentliyinin məlumatına görə, seçkilər ABŞ-da yaşayış xərclərinin artması, immiqrasiya siyasəti və Tramp administrasiyasının iqtisadi qərarları ətrafında müzakirələr fonunda keçirilir.
Erkən səsvermədə iştirak xüsusilə yüksək olub. Florida Universitetinin Seçki Laboratoriyasının məlumatına əsasən, noyabrın 2-dək 57 milyondan çox amerikalı səsini əvvəlcədən verib. Bu göstərici 2022-ci il aralıq seçkilərindəki erkən səsvermə sayını artıq ötüb.
Hazırda respublikaçılar Konqresin hər iki palatasına nəzarət edirlər. Senatda onların 53, demokratların və onlarla əməkdaşlıq edən müstəqil senatorların isə 47 yeri var. Demokratların Senatda çoxluq əldə etməsi üçün ən azı dörd əlavə mandat qazanması tələb olunur.
Nümayəndələr Palatasında isə çoxluq üçün 218 mandat lazımdır.
Seçkilər ərəfəsində keçirilən sorğular demokratlara dəstəyin artdığını göstərsə də, Konqresdə çoxluğun hansı partiyaya məxsus olacağı yalnız səslər hesablandıqdan sonra məlum olacaq.
Demokratlar palatalardan birində və ya hər ikisində çoxluq əldə etsələr, Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinə nəzarəti gücləndirə, Senatda çoxluq qazandıqları təqdirdə isə yüksəkvəzifəli təyinatların təsdiqinə mane ola bilərlər. Respublikaçılar çoxluğu saxlasalar, prezidentin qanunvericilik gündəliyini həyata keçirmək üçün mövcud siyasi imkanları davam edəcək.
Seçkilərin yekun nəticələrinin açıqlanması bir neçə gün çəkə bilər. “Associated Press” qeyd edir ki, ştatlar arasında səslərin hesablanması qaydalarının fərqlənməsi, poçtla göndərilən bülletenlər və bəzi dairələrdə yaxın nəticələr yekun mənzərənin müəyyənləşməsini gecikdirə bilər.