İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (SAXAL) “böhtan atan” şəxslərə qarşı daha sərt hüquqi tədbirlərin tətbiqini nəzərdə tutan iki qanun layihəsini irəli sürəcəyini açıqlayıb. Təkliflərdən biri vətəndaşlığın ləğvini, digəri isə böhtan iddiaları üzrə tələb oluna biləcək təzminatın 20 dəfə artırılmasını nəzərdə tutur.
MSNews.az xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkədə yayımladığı videoda danışıb. “Reuters” yazır ki, baş nazir layihələri SAXAL hərbçilərinə qarşı, onun ifadəsi ilə, “böyük zərər vuran böhtanlara” cavab kimi təqdim edib.
“Birincisi, əsgərlərimizə böhtan atan hər kəsin vətəndaşlığını ləğv etmək, ikincisi isə onların cibinə zərbə vurmaq və böhtana görə tələb edilə bilən təzminatı 20 dəfə artırmaqdır”, – Netanyahu bildirib.
Netanyahu təşəbbüsünü xüsusilə “NAZA” sənədli filmi ətrafında yaranmış mübahisələrlə əlaqələndirib. İsrailli jurnalistlər Yuval Abraham və Raçel Szorun çəkdiyi film Qəzzadakı İsrail hərbi əməliyyatlarında mülki itkilərlə bağlı anonim əsgər və kəşfiyyat əməkdaşlarının ifadələrinə əsaslanır. Netanyahu və İsrail ordusu filmdəki əsas iddiaları rədd edir.
Baş nazir bildirib ki, yeni qanunvericilik SAXAL hərbçilərini ölkə daxilində və xaricdə “böhtan kampaniyalarından” qorumağa yönələcək.
Məsələnin hüquqi tərəfi isə mübahisəlidir. İsrail Ali Məhkəməsi 2022-ci ildə dövlətə qarşı “etimadın pozulması” hesab olunan müəyyən əməllərə görə vətəndaşlığın ləğvinə imkan verən qanunu qüvvədə saxlayıb. Lakin SAXAL-a qarşı “böhtan” anlayışının vətəndaşlıqdan məhrumetmə üçün ayrıca əsas kimi genişləndirilməsi yeni hüquqi mübahisələrə və məhkəmə etirazlarına səbəb ola bilər.