Böyük Britaniya Ukraynanın 5 milyon döyüş görüntüsündən ibarət AI bazasına çıxış əldə edib

Böyük Britaniya və Ukrayna müdafiə sahəsində süni intellekt üzrə tərəfdaşlıq imzalayıb. Britaniya Ukraynanın “Avengers AI Labs” platformasına çıxış əldə edən ilk xarici tərəfdaş olacaq.

10

Böyük Britaniya və Ukrayna müdafiə və təhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının birgə hazırlanmasını nəzərdə tutan yeni tərəfdaşlıq imzalayıblar. Razılaşma Britaniya mütəxəssislərinə Ukraynanın real döyüş məlumatlarından istifadə edən “Avengers AI Labs” platformasına çıxış imkanı verəcək.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”⁠ məlumat yayıb. Sənəd avqustun 24-də Kiyevdə Böyük Britaniyanın Baş naziri Endi Börnem və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb. Britaniya “Avengers AI Labs”a çıxış əldə edən ilk xarici tərəfdaş olacaq. 

Platformanın əsasını döyüş meydanından toplanmış və işarələnmiş 5 milyon görüntü kadrından ibarət məlumat bazası təşkil edir. Məlumatların böyük hissəsi Ukraynanın DELTA döyüş idarəetmə sistemindən daxil olur. Kamera və sensorlardan alınan görüntülərdə tanklar, artilleriya, hava hücumundan müdafiə sistemləri, PUA-lar və digər hərbi hədəflər yer alır. 

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, bu məlumatlarla öyrədilmiş süni intellekt modelləri artıq avtomatlaşdırılmış hədəf aşkarlama sistemində istifadə edilir. Sistem ay ərzində 100 mindən çox dron videogörüntüsünü təhlil edir və düşmən hədəflərinin təxminən 70 faizini real vaxt rejimində müəyyənləşdirə bilir. 

Böyük Britaniya hökumətinin rəsmi məlumatında⁠ bildirilir ki, əməkdaşlığın ilk mərhələsində britaniyalı mühəndislər, alimlər, texnologiya şirkətləri və hərbi ekspertlər Ukrayna tərəfi ilə birlikdə konkret müdafiə layihələri üzərində işləyəcəklər. 

İlk pilot layihələrdən biri yeraltı fiber-optik kabellərin süni intellektlə işləyən böyük sensor sisteminə çevrilməsini nəzərdə tutur. Texnologiyanın hərbi bazaların kənar müdaxilə və kəşfiyyat fəaliyyətindən qorunmasında sınaqdan keçirilməsi planlaşdırılır. Tərəflər həmçinin dronlar, robotlar və digər avtonom sistemlər üçün az enerji sərf edən yeni nəsil AI çiplərinin hazırlanmasını araşdıracaqlar. 

Tərəfdaşlıq Böyük Britaniya və Ukraynanın 100 illik əməkdaşlıq çərçivəsinin bir hissəsidir. Bununla belə, imzalanan sənəd niyyət bəyannaməsidir və özlüyündə hüquqi baxımdan məcburi öhdəlik yaratmır. Tərəflər konkret icra mexanizmləri üzrə əlavə razılaşmaları qarşıdakı aylarda hazırlamağı planlaşdırırlar.