“Telegram”ın həmtəsisçisi Nikolay Durov ilk dəfə evləndi

“Telegram”ın həmtəsisçisi Nikolay Durov 45 yaşında ilk dəfə ailə həyatı qurub. Onun həyat yoldaşı Çin üzrə mütəxəssisdir. Cütlüyün oğul övladı dünyaya gəlib.

59

“Telegram” messencerinin həmtəsisçisi, 45 yaşlı riyaziyyatçı və proqramçı Nikolay Durovun ilk dəfə ailə həyatı qurduğu bildirilir. Onun həyat yoldaşı Çindən və beynəlxalq münasibətlərdən ixtisaslaşan 34 yaşlı Aleksandradır. Cütlüyün oğul övladı da dünyaya gəlib.

MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” nəşri məlumat yayıb.

Məlumata görə, nikah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Rusiyanın Baş Konsulluğunda qeydə alınıb. Nikahın dəqiq tarixi açıqlanmayıb. Durov özü isə xəbərə hələlik münasibət bildirməyib.

“VOICE” nəşrinin məlumatına görə, Durovun həyat yoldaşı Aleksandra Rusiyanın Çelyabinsk şəhərindəndir. Filoloji təhsil alan qadın Çin və beynəlxalq geosiyasət üzrə ixtisaslaşıb. O, Çin və ingilis dillərini bilir, həmçinin fransız və ispan dillərini öyrənir.

Aleksandra daha əvvəl Rusiyanın Şanxaydakı baş konsulunun köməkçi-tərcüməçisi vəzifəsində çalışdığını bildirib. Universitet illərində isə Çinin, Rusiyanın və ABŞ-nin Mərkəzi Asiyadakı geosiyasi maraqlarına həsr olunan beynəlxalq konfransda çıxış edib.

Nikolay Durov “Telegram”ın texniki arxitekturasının əsas yaradıcılarından biridir. O, messencerin məlumat mübadiləsində istifadə olunan MTProto kriptoqrafik protokolunu hazırlayıb. Durov həmçinin beynəlxalq riyaziyyat olimpiadalarının üçqat qızıl medalçısı və proqramlaşdırma üzrə ikiqat dünya çempionudur.

Kiçik qardaşı Pavel Durovdan fərqli olaraq, Nikolay ictimaiyyət qarşısına nadir hallarda çıxır və şəxsi həyatını diqqətdən kənarda saxlayır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30