İsrailin 2024-cü ilin sentyabrında Livanda həyata keçirdiyi və minlərlə insanın xəsarət alması ilə nəticələnən “peycer” əməliyyatının mümkün iştirakçılarından birinin kimliyi açıqlanıb. İsrailli texnologiya şirkətinin rəhbəri Benni Meyrin əməliyyatda rol oynadığı barədə məlumat Nyu-Yorkda keçirilən konfransda səsləndirilib.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 11-də “Israel Hayom” nəşrinin Nyu-Yorkda təşkil etdiyi sammit zamanı baş verib. Tədbirin aparıcısı, hərbi şərhçi Yoav Limor çıxışı zamanı “Modelyo” şirkətinin baş direktoru Benni Meyrin Livandakı əməliyyatla əlaqəsinə işarə edib.
Limor Meyri təqdim edərkən onun son illərdə Livanda rabitə cihazlarının partlaması ilə yadda qalan əməliyyatda iştirak etdiyini bildirib.
Buna cavab olaraq Meyr İsrail ordusunda uzun illər, əsasən xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyini açıqlayıb.
“Sonuncu vəzifəmdə ‘Hizbullah’a qarşı texnoloji əməliyyata rəhbərlik edirdim”, – deyə o bildirib. Meyrin sözləri konfransdan yayılan görüntülərdə və sosial media paylaşımlarında əksini tapıb.
Benni Meyr hazırda süni intellekt və məlumat təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Modelyo” şirkətinin həmtəsisçisi və baş direktorudur. Şirkət müəssisələrə məxfi məlumatlarına nəzarəti qorumaqla süni intellekt texnologiyalarından istifadə imkanı təqdim etdiyini bildirir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17–18-də Livan və Suriyanın bəzi ərazilərində “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və digər rabitə cihazlarının kütləvi partlayışları baş vermişdi. Hadisələr nəticəsində onlarla insan ölmüş, minlərlə şəxs yaralanmışdı.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi həmin ilin noyabrında əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini və baş nazirin razılığı ilə baş tutduğunu təsdiqləmişdi.
Bu barədə “The Times of Israel” və “Euronews” məlumat yayıb.