Saakaşvili erməni xalqına çağırış etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili erməni xalqına müraciət edərək Samvel Karapetyanı “ermənilərin İvanişvilisi” adlandırıb və Ermənistanı oliqarx siyasi modelindən uzaq durmağa çağırıb.

26

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistan cəmiyyətinə müraciət edərək ölkəni oliqarx siyasi modelindən uzaq durmağa çağırıb.

Saakaşvili rəsmi sosial şəbəkə hesabında paylaşdığı müraciətdə erməni əsilli iş adamı Samvel Karapetyanı Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili ilə müqayisə edib. Onun sözlərinə görə, Karapetyan “ermənilərin İvanişvilisi” rolunda çıxış edə bilər.

Saakaşvili paylaşımında İvanişvilinin Gürcüstana korrupsiya, milli sərvətlərin talan edilməsi, siyasi repressiyalar, beynəlxalq təcrid və Moskvanın təsirindən asılı siyasi xətt gətirdiyini iddia edib. O, ermənilərə müraciət edərək “Gürcüstanın səhvini təkrarlamamağa” çağırıb.

Sabiq prezident Ermənistanın hazırkı siyasi seçimini region üçün mühüm mərhələ kimi qiymətləndirib. Saakaşvilinin fikrincə, Avropa və ABŞ-ın dəstəyinin olduğu bir vaxtda Ermənistan özünü dünyadan təcrid etməməli və Moskvanın təsir dairəsinə qayıtmamalıdır.

“Georgia Today” də Saakaşvilinin erməni seçicilərə müraciətində Paşinyan hökumətinə münasibətdə tənqidi mövqedən asılı olmayaraq, oliqarx modelinə dəstək verməyin təhlükəli ola biləcəyini vurğuladığını yazıb. Onun sözlərinə görə, Gürcüstan təcrübəsi bu cür siyasi seçimlərin ölkəni avtoritarizmə və beynəlxalq təcridə aparmaq riskini göstərir.

Saakaşvili enerji məsələsinə də toxunub. O bildirib ki, Gürcüstan vaxtilə Rusiya qazından asılılığı azalda bilib və digər qonşulardan daha sərfəli şərtlərlə enerji əldə edib. Sabiq prezidentin fikrincə, Ermənistan da oxşar alternativ yol seçə bilər.

Qeyd edək ki, Samvel Karapetyan Ermənistanda və Rusiyada biznes fəaliyyəti ilə tanınan iri sahibkarlardan biridir.