İsveçrə hökuməti beynəlxalq təhlükəsizlik mühitində qeyri-sabitliyin artması fonunda ölkənin 2026-cı il üçün yeni Təhlükəsizlik Strategiyasını təsdiqləyib. Sənəddə Rusiya-Ukrayna müharibəsinin başa çatmasının hələlik görünmədiyi, hibrid təhdidlərin və kritik infrastruktura qarşı risklərin artdığı vurğulanıb.
MSNews.az xəbər verir ki, İsveçrənin Federal Şurası sentyabrın 18-də yeni strategiyanı təsdiqləyib. Sənəd ölkənin dövlət qurumlarının, iqtisadiyyatının və cəmiyyətinin mövcud təhlükəsizlik çağırışlarına hazırlığını gücləndirməyi nəzərdə tutur.
Rəsmi açıqlamada bildirilib ki, böyük dövlətlər arasında rəqabətin kəskinləşməsi, silahlı münaqişələr və beynəlxalq nizamın zəifləməsi qlobal təhlükəsizlik mühitini daha qeyri-sabit vəziyyətə gətirib.
Strategiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinə xüsusi yer ayrılıb. İsveçrə hökuməti müharibənin yaxın perspektivdə başa çatacağına dair əlamətlərin görünmədiyini qeyd edib.
Sənəddə kiberhücumların, dezinformasiya kampaniyalarının, casusluq və diversiya fəaliyyətlərinin Avropada artdığı, bu təhdidlərin İsveçrəyə də təsir göstərə biləcəyi bildirilib. Kritik infrastrukturun bir-biri ilə sıx əlaqəli olması isə enerji, rabitə və digər həyati əhəmiyyətli sistemlərin həssaslığını artıran amillərdən biri kimi göstərilib.
Yeni strategiya üç əsas istiqaməti əhatə edir: dövlətin və cəmiyyətin böhranlara davamlılığının artırılması, əhalinin və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsi, həmçinin ölkənin hərbi müdafiə imkanlarının inkişaf etdirilməsi.
Bu məqsədlə sənəddə 10 strateji hədəf və 46 konkret tədbir müəyyənləşdirilib. Tədbirlərin icrasına artıq başlanılıb.
İsveçrə hakimiyyəti ölkəyə qarşı yaxın perspektivdə birbaşa silahlı hücum ehtimalını aşağı qiymətləndirsə də, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları vasitəsilə mümkün hücumlara hazırlığın vacibliyini vurğulayıb.
Strategiyanın həyata keçirilməsi çərçivəsində dövlət qurumları, yerli hakimiyyət orqanları, özəl sektor və elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Hökumət görülən tədbirlərin icrasına dair hesabatı 2028-ci ilin sonunadək təqdim etməyi planlaşdırır.