Bakı Apellyasiya Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı cinayətlərə görə məhkum olunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan və digər şəxslər barədə hökmü dəyişdirmədən saxlayıb.
MSNews.az xəbər verir ki, məhkəmə qərarı avqustun 6-da elan edilib. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib və Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü qüvvədə saxlanılıb.
Həmin hökmə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə həbs cəzası alıblar.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkillərlə və erməni, eləcə də rus dillərində tərcüməçilərlə təmin edildiyi, prosesdə zərərçəkmişlərin nümayəndələri, dövlət ittihamçıları və Ombudsman Aparatının müşahidəçilərinin iştirak etdiyi bildirilib.