Qərb ölkələrinin Ermənistandan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsini istədiyi iddia olunur.
MSNews.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri hökumətdəki anonim mənbələrinə istinadən bunun Aİ ilə gələcək vizasız rejimə keçid prosesində ilkin şərtlərdən biri kimi irəli sürüldüyünü yazıb.
Nəşrin mənbələri iddia edir ki, bu tələb yerinə yetirildikdən sonra Avropa İttifaqı bir neçə il ərzində Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsini irəlilədə bilər. Lakin sözügedən məlumat rəsmi şəkildə təsdiqlənməyib və anonim mənbələrə əsaslanır.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə sentyabrın 3-də Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqinin müzakirə edilmədiyini bildirib. O, İrəvanın belə bir niyyətinin “heç vaxt olmadığını” və Rusiyadan gələn turistləri məmnuniyyətlə qarşıladıqlarını deyib.
Məsələnin Aİ ilə viza liberallaşdırılması prosesinə birbaşa bağlı olub-olmadığı da açıq qalır. Avropa Komissiyasının Ermənistan üçün 2025-ci ilin noyabrında təqdim etdiyi rəsmi Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planında Rusiya vətəndaşlarına viza tətbiq etmək barədə ayrıca tələb göstərilmir. Sənəd Ermənistanın viza siyasətindən Aİ üçün yarana biləcək təhlükəsizlik və miqrasiya risklərinin mütəmadi qiymətləndirilməsini və məlumatların Brüssellə paylaşılmasını tələb edir.
Aİ-nin 2026-cı ilin aprelində dərc etdiyi ilk tərəqqi hesabatında da Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etməli olduğuna dair konkret şərt qeyd olunmur.
Paşinyan daha əvvəl Ermənistanın Aİ ilə vizasız rejimə keçidini 2029-cu ilədək təmin etməyi hədəflədiyini bildirib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə prosesin konkret tarixdən deyil, Ermənistanın fəaliyyət planındakı bütün meyarları yerinə yetirməsindən asılı olduğunu vurğulayıb.