Rusiyada insan ömrünün uzadılması və qocalma prosesinin ləngidilməsi istiqamətində genişmiqyaslı elmi tədqiqatlar aparılır. Prezident Vladimir Putinin yaxın çevrəsinə daxil olan Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda uzunömürlü meymunların qan nümunələrindən ibarət xüsusi biobank yaradılıb.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 10-da “Meduza” və “The Moscow Times” nəşrləri məlumat yayıb.
Kurçatov İnstitutu Petrovsk adına Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birlikdə uzunömürlü primatların qan nümunələrini toplayıb. Alimlər bu materiallardan istifadə edərək orqanizmin yaşlanma mexanizmlərini araşdırmağı planlaşdırırlar.
Mixail Kovalçukun sözlərinə görə, institutun tədqiqat mərkəzlərində 22 növə aid 7 mindən çox meymun saxlanılır. Onların arasında yaşı 30-u keçən primatlar da var.
Tədqiqatçılar heyvanların beyin, damar sistemi və digər orqanlarını araşdıraraq yaşlanma prosesində baş verən dəyişiklikləri müəyyənləşdirməyə çalışırlar. Kovalçuk bildirib ki, bu araşdırmalar gələcəkdə insan ömrünün uzadılmasına xidmət edən bioloji mexanizmlərin hazırlanması üçün əsas yarada bilər.
Rusiya hökuməti 2027–2029-cu illərdə “Sağlamlığın qorunmasının yeni texnologiyaları” adlı milli layihəyə təxminən 18 milyard rubl ayırmağı planlaşdırır. Büdcə sənədlərinə əsasən, 2027-ci ildə 5,73 milyard, 2028-ci ildə 6,50 milyard, 2029-cu ildə isə 5,73 milyard rubl maliyyələşmə nəzərdə tutulur.
Layihə innovativ dərmanların hazırlanması, biotibbi texnologiyalar, toxumaların bioprintinqi və digər tibbi istiqamətləri əhatə edir.
Tədqiqatların Putinlə əlaqəsi də diqqət çəkir. Kovalçuk Rusiya Prezidentinin yaxın çevrəsinə daxil olan şəxslərdən biri hesab edilir. Daha əvvəl müstəqil media orqanları uzunömürlülük layihələrinə Kremlin yüksək dairələrinin maraq göstərdiyini yazıblar.
2025-ci il sentyabrın 3-də isə Putin və Çin lideri Si Cinpin arasında orqan transplantasiyası və insanların 150 il yaşaması ehtimalı barədə söhbət canlı yayım zamanı mikrofonlara düşmüşdü.
Söhbətdə biotexnologiyaların inkişafı sayəsində insan ömrünün əhəmiyyətli dərəcədə uzadıla biləcəyi fikri səsləndirilmişdi.