Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb və ölkədəki Höte İnstitutu mərkəzlərinin bağlanmasını tələb edib. Moskva qərarı Berlinin Rusiyanın Bonndakı Baş Konsulluğunu və Berlindəki “Rusiya Evi”ni bağlamasına cavab kimi təqdim edib.
MSNews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 7-də açıqladığı qərara əsasən, Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu ən geci sentyabrın 18-dək fəaliyyətini dayandırmalı, bütün əməkdaşları da həmin tarixədək ölkəni tərk etməlidirlər.
Bu barədə “Reuters” və “Anadolu Agentliyi” məlumat yayıb.
Eyni qərar Rusiyada fəaliyyət göstərən Almaniyanın Höte İnstitutlarına da şamil olunur. Mərkəzlər sentyabrın 13-dən fəaliyyətlərini dayandırmalı, Almaniyadan ezam olunmuş əməkdaşları isə həmin tarixədək Rusiyanı tərk etməlidirlər. “Höte İnstitutu”nun rəsmi saytı da sentyabrın 7-də Rusiya hakimiyyətindən bütün bölmələrin işinin sentyabrın 13-dən dayandırılması barədə göstəriş aldıqlarını təsdiqləyib.
Höte İnstitutu diplomatik nümayəndəlik deyil. Almaniyanın beynəlxalq mədəniyyət təşkilatı olan qurum alman dilinin tədrisi, mədəni proqramlar və ölkələr arasında ictimai əlaqələrin inkişafı ilə məşğul olur. İnstitutun prezidenti Geşe Yust qərarı “Almaniya-Rusiya mədəni münasibətlərində bir dövrün sonu” kimi qiymətləndirib.
Moskva addımın Almaniyanın Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlində fəaliyyət göstərən “Rusiya Evi”nin bağlanması barədə qərarına cavab olduğunu bildirib. Rusiya XİN Berlinin “ikitərəfli münasibətlərdə yeni eskalasiya mərhələsini” başlatdığını iddia edərək nəticələrə görə Almaniya hökumətini məsul tutub.
Almaniyanın tədbirləri isə avqustda Leypsiq/Halle hava limanında partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra qəbul edilib. Berlin araşdırmanın nəticələrinin hadisənin arxasında Rusiya ilə əlaqəli şəxslərin ola biləcəyinə işarə etdiyini bildirib və Moskvanı məsul tutub. Rusiya ittihamları “uydurma və əsassız” adlandıraraq rədd edir.
Almaniya Xarici İşlər Nazirliyi Höte İnstitutlarının bağlanmasını təəssüflə qarşıladığını bildirib. Nazirliyin açıqlamasında institutun Almaniya ilə Rusiya arasında mədəni və ictimai əlaqələr üçün mühüm körpü olduğu vurğulanıb.