Rusiyada yanacaq qıtlığı: “Rosneft” satışa limit qoydu

Rusiyanın “Rosneft” şirkəti yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Şəhərlərdə 30, magistral yollar üzərində isə 50 litrlik limitlər barədə məlumat yayılıb. Bəzi regionlarda kanistrlərə yanacaq doldurulması qadağan edilib.

20

Rusiyada yanacaq təchizatı ilə bağlı problemlər fonunda ölkənin ən böyük neft şirkətlərindən biri olan “Rosneft” yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər tətbiq etməyə başlayıb. Yayılan məlumata görə, şəhərlərdə bir avtomobil üçün 30, magistral yollar üzərində isə 50 litr yanacaq limiti müəyyən edilib.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 9-da Rusiyanın Zabaykalye diyarının İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb. Qurum məhdudiyyətlərin “Rosneft”in ölkə üzrə yanacaqdoldurma şəbəkəsinə şamil olunduğunu bildirsə də, şirkət bütün Rusiya ərazisində vahid limitlərin tətbiqini hələ rəsmən təsdiqləməyib.

Bu barədə “Business FM” məlumat yayıb.

Zabaykalye diyarında bir avtomobilə maksimum 50 litr yanacaq satılmasına icazə verilir. Eyni zamanda, kanistrlərə və digər daşınan qablara benzin doldurulması qadağan edilib.

“Anadolu Agentliyi” yazır ki, oxşar məhdudiyyətlər Kareliya, Krasnoyarsk və Novosibirsk vilayətində də tətbiq olunur. Bəzi regionlarda dizel yanacağı üçün fərqli limitlər müəyyən edilib.

Məsələn, Kareliyada şəhərdaxili məntəqələrdə 30 litr benzin və 50 litr dizel, magistral yollar üzərində isə 50 litr benzin və 200 litrədək dizel satılmasına icazə verilir.

Bununla belə, məhdudiyyətlər bütün məntəqələrdə eyni deyil. “MSK1.RU” nəşrinin müxbiri Moskvadakı “Rosneft” yanacaqdoldurma məntəqələrindən birində 50 litrlik limitin tətbiq edildiyini müəyyənləşdirib. Şirkətin qaynar xətti isə ölkə üzrə vahid məhdudiyyətlərin mövcudluğunu təsdiqləməyib.

Yanacaq təchizatındakı çətinliklər Rusiyanın neft emalı zavodlarına endirilən yeni zərbələrlə əlaqələndirilir. “Reuters” agentliyinin məlumatına görə, Ukraynanın hücumlarından sonra Rusiyanın ən azı altı regionunda yanacaq çatışmazlığı yenidən müşahidə olunur. Son iki həftədə ölkənin bir sıra böyük neft emalı müəssisələri zərbələrə məruz qalıb.

Məhdudiyyətlərin məqsədi mövcud yanacaq ehtiyatlarının daha bərabər bölüşdürülməsi və tədarükdəki problemlərin dərinləşməsinin qarşısını almaqdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti