Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə mexanizminin tətbiqi bazar şəffaflığının artırılması və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Fərid Rüstəmov bildirib.
Onun sözlərinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi təmin edilməlidir. Fərid Rüstəmov qeyd edib ki, hazırda bank sektorunda, bələdiyyə torpaqları üzrə əməliyyatlarda, eləcə də alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi zamanı notariuslar tərəfindən yönləndirilən qiymətləndirmələr artıq real təcrübəyə çevrilib. Bu proseslər qiymətləndirmə bazarının genişlənməsi və sağlam rəqabət mühitinin formalaşması baxımından mühüm nəticələr kimi dəyərləndirilir. O vurğulayıb ki, dövlət başçısının dəstəyi ilə bu sahədə aparılan islahatlar bazarın inkişafına müsbət təsir göstərir.
Sədr müavini kirayə bazarındakı yeniliklərə də toxunaraq bildirib ki, bu ildən kirayədən əldə olunan gəlirlər üzrə vergi yükünün 14 faizdən 10 faizə endirilməsi rəsmi qeydiyyat proseslərini sürətləndirib. Bununla yanaşı, bəzi hallarda kirayə qiymətlərinin real dəyərdən aşağı göstərilməsi riskinin qalması qeyd olunub. Bu baxımdan kirayə haqlarının müstəqil qiymətləndirici şirkətlər tərəfindən müəyyən edilməsi təklif edilir. Onun fikrincə, belə mexanizm həm şəffaflığı artırar, həm də vergi yayınmalarının qarşısını alar.
Fərid Rüstəmov gömrük sahəsində mövcud qiymətləndirmə praktikasına da münasibət bildirib. O qeyd edib ki, hazırda ölkəyə idxal olunan malların qiymətləndirilməsi bir çox hallarda gömrük orqanları tərəfindən aparılır. Halbuki qanunvericiliyə əsasən qiymətləndirmə fəaliyyəti xüsusi ixtisas və dövlət imtahanı tələb edən peşə sahəsidir. Tərəfsizlik və obyektivlik prinsiplərinin qorunması üçün bu prosesin müstəqil qiymətləndiricilərə həvalə olunması məqsədəuyğun hesab edilir.
Sədr müavini vurğulayıb ki, vətəndaşlar xaricdən avtomobil və ya texnika gətirərkən bəzən statistik göstəricilərə əsaslanan daha yüksək qiymətlərlə üzləşir və bu da narazılığa səbəb olur. Problemin həlli üçün gömrük xidmətinin ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etməsi təklif olunur. Belə yanaşmanın real bazar dəyərinin müəyyənləşdirilməsinə və mübahisəli halların azalmasına şərait yaradacağı bildirilib.
Fərid Rüstəmov sonda qeyd edib ki, qiymətləndirmə institutunun gücləndirilməsi iqtisadi münasibətlərdə ədalətli qiymət formalaşmasına, sahibkarların və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir və bu istiqamətdə müzakirələrin davam etdirilməsi vacibdir.