ABŞ-da 2027-ci maliyyə ili üçün nəzərdə tutulan “Green Card” lotereyasının (DV-2027) qeydiyyat prosesi yenidən qeyri-müəyyən müddətə təxirə salınıb. Federal Apellyasiya Məhkəməsi ABŞ Dövlət Departamentini müraciətlərin qəbuluna noyabrın 1-dən gec olmayaraq başlamağa məcbur edən əvvəlki məhkəmə qərarının icrasını müvəqqəti dayandırıb.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Doqquzuncu Dairə Apellyasiya Məhkəməsinin oktyabrın 29-da qəbul etdiyi qərarda bildirilir.
Oktyabrın 14-də Kaliforniya ştatının federal məhkəməsi ABŞ Dövlət Departamentinə DV-2027 proqramı üzrə qeydiyyatı bərpa etmək barədə ilkin qərar vermişdi.
Həmin qərara əsasən:
- 29 oktyabr 2026: qeydiyyat tarixləri rəsmi elan edilməli idi;
- 1 noyabr 2026: elektron müraciətlərin qəbuluna başlanmalı idi;
- 3 dekabr 2026: seçilən namizədlərin nəticələri barədə məlumat verilməli idi.
Lakin ABŞ hökuməti qərardan apellyasiya şikayəti verərək onun icrasının dayandırılmasını tələb edib.
Apellyasiya Məhkəməsi oktyabrın 29-da hökumətin təcili müraciətini təmin edib və əvvəlki qərarın müəyyən etdiyi bütün müddətlərin icrasını dayandırıb.
Məhkəmə mübahisəsi “Red Eagle Law” adlı immiqrasiya hüququ şirkətinin müraciəti əsasında başlayıb. Şirkət ABŞ Dövlət Departamentinin DV-2027 qeydiyyatını açmamasının qanunsuz olduğunu iddia edib. Apellyasiya Məhkəməsi isə hesab edib ki, şirkət lotereya proqramını tənzimləyən qanunun qoruduğu maraqlar çərçivəsində iddia qaldırmaq hüququna malik olduğunu kifayət qədər əsaslandıra bilməyib.
Hakimlər eyni zamanda Dövlət Departamentinin qeydiyyatı açmamasını dəstəkləmədiklərini vurğulayıblar.
Bu qərar lotereyanın həmişəlik ləğvi və ya hökumətin hərəkətlərinin qanuni hesab edilməsi demək deyil. Məhkəmə yalnız apellyasiya araşdırması davam etdiyi müddətdə əvvəlki qərarın icrasını dayandırıb.
Hazırda DV-2027 proqramı üçün yeni qeydiyyat tarixi elan edilməyib. ABŞ Dövlət Departamenti hələ 5 noyabr 2025-ci ildə proqramın qeydiyyat prosesində dəyişikliklər edildiyini və yeni tarixlərin sonradan açıqlanacağını bildirmişdi.
DV-2027 lotereyasında iştirak etmək istəyən şəxslərə qeydiyyat tarixləri barədə yalnız ABŞ Dövlət Departamentinin rəsmi məlumatlarını izləmək tövsiyə olunur.