Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov bildirib ki, Qəzzada tərksilah prosesi həyata keçirildikcə İsrail qüvvələrinin mövqelərini müəyyən edən “sarı xətt” də mərhələli şəkildə geri çəkilməlidir.
MSNews.az xəbər verir ki, Mladenov İsrailin “Channel 12” telekanalına müsahibəsində prosesin hər bir coğrafi sektor üzrə ayrıca həyata keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Bu barədə “The Times of Israel” məlumat yayıb.
“Hər bir sektor tərksilah edildikdən və silahların təhvil alındığı, saxlanıldığı və istifadəyə yararsız hala gətirildiyi təsdiqləndikdən sonra İsrail tədricən, addım-addım və mərhələli şəkildə, sonda Qəzza sərhədinədək geri çəkilməlidir”, – Mladenov bildirib. Onun sözlərinə görə, proses qarşılıqlı etimada deyil, görülən addımların yoxlanılmasına əsaslanacaq.
“Anadolu Agentliyi” də Mladenova istinadən yazır ki, hazırkı mərhələdə İsrail ordusundan “sarı xətt”dəki mövqelərindən geri çəkilməsi tələb olunmur. Geriçəkilmə yalnız konkret ərazidə silahların tərksilah edilməsi və prosesin təsdiqlənməsindən sonra başlamalıdır.
Mladenovun açıqlamasına görə, silahların Qəzzanın idarə olunması üzrə Fələstin milli komitəsinin məsuliyyətinə verilməsi, beynəlxalq nəzarət altında saxlanılması və istifadəyə yararsız vəziyyətə gətirilməsi nəzərdə tutulur. Plan həmçinin beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini və İsrail ordusunun mərhələli geri çəkilməsini ehtiva edir.
Məsələ son günlər İsrail və Sülh Şurası arasında əsas müzakirə mövzularından birinə çevrilib. “Associated Press” avqustun 3-də Mladenovun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşərək Qəzzada silahların tərksilahı üzrə yeni mexanizmin icrasını müzakirə etdiyini bildirib. Sülh Şurası həmin görüşdən sonra əsas məqsədin Qəzzada silahların tam dövriyyədən çıxarılması və silahlı idarəçilikdən mülki idarəçiliyə keçid olduğunu açıqlayıb.