ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşərək Qəzzada dalana dirənmiş atəşkəs prosesində irəliləyişə nail olmağa çalışacaq. Müzakirələrdə Qəzza ilə yanaşı, Livan və İranla bağlı təhlükəsizlik narahatlıqları da gündəmdə olacaq.
Netanyahu bu ay bildirib ki, Tramp onu danışıqlara dəvət edib. Vaşinqton Qəzza zolağında keçid idarəçiliyinin yaradılması və beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi istiqamətində səylərini artırır.
Tramp İsrail lideri ilə tezliklə görüşə biləcəyini desə də, Ağ Ev görüşün detalları ilə bağlı rəsmi təsdiq verməyib və sorğulara cavablandırmayıb. Netanyahu isə Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına səfər edəcəyi gözlənilir.
Baş nazirin dekabrın 22-də verdiyi açıqlamaya görə, danışıqlar əsasən Qəzza atəşkəsinin ikinci mərhələsi, eləcə də İran və Livan mövzularını əhatə edəcək. ABŞ hər üç cəbhədə atəşkəsin əldə olunmasında vasitəçilik etsə də, İsrail müharibə zamanı xeyli zəiflədilmiş rəqiblərinin qüvvələrini yenidən bərpa etməsindən ehtiyat edir.
Tərəflər oktyabrda Trampın irəli sürdüyü plan üzrə razılığa gəliblər. Həmin plan İsrail qoşunlarının Qəzzadan çıxmasını, HƏMAS-ın silahları təhvil verməsini və anklavda idarəedici rolundan imtina etməsini nəzərdə tutur.
ABŞ Dövlət katibi Marko Rubio ötən həftə bildirib ki, Vaşinqton Trampın planında nəzərdə tutulan keçid administrasiyasının — “Sülh Şurası” və fələstinli texnokratlardan ibarət qurumun — tezliklə formalaşdırılmasını istəyir. Bu qurum 17 noyabr tarixli BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə mandat verilmiş beynəlxalq təhlükəsizlik qüvvəsinin yerləşdirilməsindən əvvəl Qəzzanı idarə etməlidir.
Lakin İsrail və HƏMAS bir-birini razılaşmanın ciddi şəkildə pozulmasında ittiham edir və daha çətin olan növbəti mərhələnin tələblərini qəbul etməyə yaxın görünmürlər.
HƏMAS silahsızlaşdırılmaqdan imtina edib və son israilli girovun qalıqlarını təhvil verməyib. Bu arada, İsrail qüvvələri ərazinin təxminən yarısında möhkəmlənmiş vəziyyətdə qalır, HƏMAS isə nəzarətini bərpa etməyə çalışır.
İsrail bildirib ki, əgər HƏMAS dinc yolla silahsızlaşdırılmasa, bunu təmin etmək üçün hərbi əməliyyatlar bərpa oluna bilər.
Atəşkəsə baxmayaraq, zorakılıq tam dayanmayıb. Oktyabrda qüvvəyə minmiş razılaşmadan sonra İsrail zərbələri nəticəsində 400-dən çox fələstinli (Qəzza səhiyyə qurumlarının məlumatına görə, əksəriyyəti mülki şəxslər) həlak olub, fələstinli silahlıların hücumları isə üç israilli əsgərin ölümünə səbəb olub.
Livanda ABŞ-ın dəstəyi ilə 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs İsrail və İranın dəstəklədiyi Hizbullah arasında bir ildən çox davam edən döyüşlərə son qoyub. Razılaşma İsrail sərhədi yaxınlığında yerləşən ərazilərdən başlayaraq Hizbullahın silahsızlaşdırılmasını tələb edir.
Livan tərəfi ilin sonuna qədər bu missiyanın tamamlanmasına yaxın olduqlarını desə də, Hizbullah silahlarını təhvil verməyə müqavimət göstərir. İsrail isə irəliləyişin qismən və ləng olduğunu bildirir və Hizbullahın yenidən silahlanmasının qarşısını almaq məqsədilə Livana demək olar ki, gündəlik zərbələr endirdiyini açıqlayır.
İran isə iyun ayında İsraillə 12 günlük müharibədən sonra bu ay ikinci dəfə raket təlimləri keçirdiyini bildirib. Netanyahu İsrailin İranla qarşıdurma istəmədiyini desə də, bu fəaliyyətlərdən xəbərdar olduqlarını və məsələni Tramp ilə qaldıracağını bildirib.
Qeyd edək ki, Tramp iyun ayında İranın nüvə obyektlərinə ABŞ-ın zərbələr endirməsini əmr etmiş, lakin sonradan Tehranla mümkün razılaşma perspektivini də gündəmə gətirmişdi.