“Yay Fest 2026” festivalı çərçivəsində gənclərin müasir informasiya mühitində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Media və Rəqəmsal Savadlılıq” düşərgəsi keçirilib.
MSNews.az xəbər verir ki, 20–24 iyul tarixlərini əhatə edən beşgünlük proqram festivalın builki ikinci düşərgəsi olub. Ölkənin müxtəlif bölgələrindən olan iştirakçılar düzgün informasiya ilə işləmək, rəqəmsal təhlükəsizlik, süni intellekt texnologiyalarından etik və səmərəli istifadə, eləcə də şəxsi brendin formalaşdırılması istiqamətlərində nəzəri və praktiki biliklər əldə ediblər.
Milli Mətbuat Gününə təsadüf edən düşərgə çərçivəsində tanınmış aparıcı və jurnalistlərin, dövlət və özəl sektorun media və informasiya texnologiyaları üzrə mütəxəssislərinin iştirakı ilə təlim sessiyaları və panel müzakirələri təşkil olunub.
Görüşlərdə rəqəmsal dövrdə media savadlılığı, etibarlı informasiya mənbələrinin müəyyənləşdirilməsi, yeni media meyilləri, gənclər üçün karyera imkanları, süni intellekt alətlərindən məsuliyyətli istifadə və dezinformasiya ilə mübarizə məsələləri müzakirə edilib. Şəxsi brendin qurulması, yaradıcılıq və rəqəmsal mühitdə məsuliyyət mövzularına da xüsusi yer ayrılıb.
Proqram iştirakçıların komanda işi, liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərlə də zəngin olub. Gənclər ekoçantaların rənglənməsi üzrə ustad dərsinə, “Rəqəmsal zəka” intellektual yarışına, voleybol turnirinə, haykinqə, rəsədxana muzeyinə ekskursiyaya və airsoft taktiki oyununa qatılıblar.
Düşərgənin sonuncu günündə IDEA İctimai Birliyinin təşkil etdiyi infosessiya keçirilib. İştirakçılar interaktiv oyunlar vasitəsilə ətraf mühitin qorunması yolları ilə tanış olublar. Daha sonra gənclər Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun tələbələri ilə görüşüblər. Görüş zamanı xalq mahnıları səsləndirilib, milli musiqi irsi barədə fikir mübadiləsi aparılıb və ustad dərsi təşkil olunub.
Şamaxıda keçirilən “Yay Fest 2026” süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub. İyulun 13-də başlayan festival sentyabrın 4-dək davam edəcək və ümumilikdə səkkiz tematik düşərgədə 2 mindən çox gəncin iştirakı nəzərdə tutulur.
Növbəti mərhələlərdə “Kreativ AI”, “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq” və “AI – İdman və sağlamlıq” mövzularında düşərgələr keçiriləcək.
Festival Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı və bir sıra respublika səviyyəli gənclər və könüllülər təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Düşərgələrdə iştirak ödənişsizdir. İctimai fəallığı ilə seçilən 18–25 yaşlı gənclər “Yay Fest”in rəsmi internet səhifəsi vasitəsilə qeydiyyatdan keçərək seçim müsahibələrinə qatıla bilərlər. Hər bir iştirakçı yalnız bir düşərgədə yer ala bilər.

















