23 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə atıcılıq üzrə təşkilat birinciliyi yarışı keçirilib. Tədbir “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində reallaşdırılıb.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib, donor qurum olan Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyini xüsusi vurğulayıb. O bildirib ki, layihənin əsas hədəfi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsidir.
Mütəxəssislər tərəfindən turnirin qaydaları izah edildikdən sonra atıcılıq üzrə yarışlara start verilib. Turnirdə 16 komandanın 66 iştirakçısı qeydiyyatdan keçib. Yarışlar gərgin idman mübarizəsi şəraitində davam edib və fərdi, həmçinin komanda kateqoriyaları üzrə qaliblər müəyyən olunub.
Fərdi kateqoriya üzrə birinci yerə 29 xalla Kənan Məmmədzadə, ikinci yerə 26 xalla Səma Osmanlı, üçüncü yerə isə 15 xalla Rəfiqə Qarabozova layiq görülüb.
Komanda hesabında isə Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin komandası 72 xalla birinci, Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli komandası 68 xalla ikinci, Caylı kənd 2 nömrəli tam orta məktəbin komandası isə 58 xalla üçüncü yerin sahibi olub.
Qaliblər medal və diplomlarla mükafatlandırılıb. Turnirin sonunda iştirakçılar bu cür maarifləndirici və idman yönümlü tədbirlərin gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, gələcəkdə də bu tip layihələrin davam etdirilməsini arzuladıqlarını bildiriblər.








