“Yay Fest 2026”da müasir şəhərlər və texnologiyalar müzakirə olunub

Şamaxıda keçirilən “Yay Fest 2026”nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi başa çatıb. Gənclər süni intellekt, ağıllı şəhərlər, robot texnologiyaları, şəhərsalma və dayanıqlı inkişaf mövzularında müzakirələrə qatılıblar.

163

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda keçirilən “Yay Fest 2026”nın sayca dördüncü – “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi başa çatıb.

MSNews.az xəbər verir ki, 3-7 avqust tarixlərini əhatə edən beşgünlük düşərgənin əsas məqsədi gənclərin müasir şəhərsalma, memarlıq, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılması olub.

Proqram çərçivəsində “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik”, “Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf”, “AI for Digital City” və “Ağıllı robotlar, ağıllı gələcək” mövzularında görüşlər təşkil edilib. İştirakçılar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, mina təhlükəsi və təhlükəsiz qayıdış, süni intellektin şəhərlərin planlaşdırılmasında rolu, ağıllı şəhər həlləri, robot texnologiyaları və gələcəyin peşələri barədə məlumat əldə ediblər.

IDEA İctimai Birliyinin təqdimatında “Urbanizasiya dövründə ekoloji çağırışlar və innovativ həllər” mövzusunda interaktiv sessiya keçirilib. Düşərgə müddətində dövlət xadimi, diplomat və tarix elmləri doktoru Həsən Həsənov da gənclərlə görüşərək Azərbaycanın tarixi və dövlətçilik ənənələrindən danışıb.

Maarifləndirici proqramla yanaşı, iştirakçılar üçün “Sənin ideyan: Gələcəyin şəhəri!” ideyatonu, “KOD Qarabağ” intellektual oyunu, “DİRÇƏLİŞ” Urban Art vörkşopu, airsoft taktiki oyunu, Şamaxı Astrofizika Rəsədxanasının muzeyinə ekskursiya, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub.

“Yay Fest 2026” ümumilikdə 13 iyuldan 4 sentyabradək davam edir və səkkiz tematik düşərgə çərçivəsində 2 mindən çox gəncin iştirakını nəzərdə tutur. Növbəti mərhələlərdə “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”, eləcə də “AI – İdman və Sağlamlıq” düşərgələri keçiriləcək.

Festival Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı və bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir. İştirak ödənişsizdir və seçim zamanı 18-25 yaş arası ictimai fəal gənclərə üstünlük verilir. Hər bir gənc yalnız bir düşərgədə iştirak edə bilər.