“Varta” 140 illiyinə bir il qalmış iflas ərizəsi verdi

Almaniyanın köklü batareya istehsalçısı Varta AG və onun üç törəmə şirkəti Ştutqart məhkəməsinə iflas ərizəsi təqdim edib. Şirkət fəaliyyətini özünüidarəetmə proseduru çərçivəsində davam etdirməyi planlaşdırır.

13

Almaniyanın məşhur batareya və enerji saxlama sistemləri istehsalçısı “Varta AG” 140 illik yubileyinə bir il qalmış iflas prosedurunun başlanması üçün məhkəməyə müraciət edib.

MSNews.az xəbər verir ki, Ştutqart Rayon Məhkəməsinin nümayəndəsi şirkətlər qrupuna aid dörd iflas ərizəsinin təqdim olunduğunu təsdiqləyib. Ərizələr “Varta AG” ilə yanaşı, “Varta Microbattery GmbH”, “Varta Micro Production GmbH” və “Varta Storage GmbH” şirkətlərini əhatə edir.

Şirkət özünüidarəetmə şəraitində iflas proseduru tələb edib. Bu modelə əsasən, mövcud rəhbərlik şirkətin gündəlik fəaliyyətini davam etdirir, məhkəmənin təyin etdiyi nümayəndə isə prosesi və kreditorların maraqlarının qorunmasını nəzarətdə saxlayır.

Ştutqart məhkəməsi hüquqşünas Tobias Valı müvəqqəti nəzarətçi təyin edib. Varta rəhbərliyi istehsal və xidmətlərin fasiləsiz davam etdiriləcəyini, işçilərin əməkhaqlarının isə ödənilməyə davam olunacağını açıqlayıb. Şirkətin məqsədi uzunmüddətli restrukturizasiya aparmaq və mümkün qədər çox iş yerini qorumaqdır.

Varta böhranın əsas səbəbləri sırasında bazar şəraitinin pisləşməsini, tələbatın azalmasını, mənfi valyuta təsirlərini və mühüm müştərilərdən birinin əməkdaşlığa son qoymasını göstərib. Bu amillərin 2027-ci ildən etibarən şirkətdə struktur xarakterli maliyyə çatışmazlığı yaradacağı bildirilib.

“Reuters” yazır ki, Vartanın səhmdarları olan idman avtomobilləri istehsalçısı Porsche və avstriyalı sahibkar Mixael Toyner şirkətə əlavə kapital yatırmağa razılaşmayıblar. Kreditorların hesablamalarına görə, şirkətin fəaliyyətini davam etdirməsi üçün orta ikirəqəmli milyon avro həcmində yeni maliyyələşməyə ehtiyac olub.

Şirkətin problemlərini ağırlaşdıran əsas hadisələrdən biri də mühüm müştərisi Apple ilə əməkdaşlığın başa çatması olub. “ZDF” bildirir ki, Apple “AirPods” qulaqlıqları üçün istifadə edilən “CoinPower” batareyalarını gələcəkdə Vartanın Almaniyadakı müəssisəsi əvəzinə Çindən almağı planlaşdırır. Bununla əlaqədar Nördlingen şəhərindəki zavodun bağlanması və təxminən 350 iş yerinin ixtisar edilməsi nəzərdə tutulur.

Bununla belə, geniş istifadə olunan məişət batareyalarını istehsal edən Varta Consumer Batteries bölməsi iflas ərizələrinə daxil edilməyib. Şirkət həmin bölmənin hüquqi, əməliyyat və maliyyə baxımından digər strukturlardan ayrı fəaliyyət göstərdiyini açıqlayıb. Buna görə Varta markalı məişət batareyalarının istehsalının dərhal dayanacağı barədə məlumat doğru deyil.

Vartanın parçalanması ehtimalı da nəzərdən keçirilir. “Tagesschau” yazır ki, “Deutsche Bank” və bir sıra investisiya fondlarının daxil olduğu kreditorlar qrupu gəlirli məişət batareyaları biznesini Varta konsernindən ayırmaq istəyir. Mixael Toyner isə eşitmə cihazları üçün batareyalar da istehsal edən mikrobatareya bölməsinə maraq göstərib.

Vartanın rəsmi korporativ səhifələrində qrupun dünya üzrə təxminən 4,200 əməkdaşının olduğu göstərilir. Son məlumatlarda isə iflas prosesindən təsirlənən strukturlarda çalışanların sayı təxminən 3,260 nəfər kimi təqdim edilir.

1887-ci ildə əsası qoyulan Varta 2027-ci ildə 140 illik yubileyini qeyd etməli idi. Şirkət məişət batareyaları, eşitmə cihazları üçün mikrobatareyalar, litium-ion elementləri və enerji saxlama sistemlərinin istehsalı ilə tanınır.

Varta daha əvvəl, 2024-cü ildə də ağır maliyyə böhranı ilə üzləşmiş və xüsusi restrukturizasiya proqramı vasitəsilə iflasdan yayınmışdı. Həmin proses çərçivəsində Porsche və Mixael Toyner şirkətə 60 milyon avro kapital yatırmış, kreditorlar isə borcların bir hissəsindən imtina etmişdilər. Lakin sonrakı bazar dəyişiklikləri və əsas müştərinin itirilməsi əvvəlki xilasetmə planının yetərli olmamasına səbəb olub.