ABŞ Prezidenti Donald Trampın dizel yanacağının ixracına müvəqqəti qadağa qoymaq təşəbbüsü ölkənin neft sənayesində ciddi narahatlıq yaradıb. Yanacaq qiymətlərini azaltmaq məqsədi daşıyan qərarın əks nəticə verərək benzin istehsalının azalmasına və qiymətlərin daha da yüksəlməsinə səbəb ola biləcəyi bildirilir.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın sentyabrın 22-də dizel ixracının məhdudlaşdırılmasını dəstəkləməsi neft şirkətləri üçün gözlənilməz olub. Sənaye nümayəndələri Ağ Evi bu addımdan çəkindirməyə çalışsalar da, ən azı müvəqqəti qadağanın tətbiq olunacağı ilə bağlı narahatlıqlar artır.
Qadağanın əsas məqsədi ABŞ daxilində dizel təklifini artıraraq rekord həddə yüksəlmiş yanacaq qiymətlərini aşağı salmaqdır. Lakin neft şirkətləri ixracın məhdudlaşdırılmasının milyardlarla dollarlıq gəlirləri təhlükə altına qoyacağından ehtiyat edirlər.
“S&P Global ”ın hesablamalarına əsasən, ixracın tam dayandırılması ABŞ-də dizel artıqlığı yarada və neft emalı zavodlarını gündəlik emal həcmini təxminən 2 milyon barel azaltmağa məcbur edə bilər.
Bu isə eyni zamanda benzin istehsalının sutkada 750 min barelədək azalmasına səbəb ola bilər. Bəzi analitiklərin qiymətləndirməsinə görə, belə bir ssenaridə ABŞ-də benzinin qiyməti bir qallon üçün əlavə 25 sent arta bilər.
Qeyd edək ki, Tramp administrasiyası dizel ixracına tam və ya qismən qadağa qoyulmasının mümkünlüyünü araşdırır. ABŞ-nin maliyyə naziri Skott Bessent qərarın neft emalı sənayesinə mümkün təsirlərinin qiymətləndirildiyini bildirib. Hələlik qadağanın tətbiqi ilə bağlı yekun qərar qəbul edilməyib.