Hindistan və Almaniya altı yeni nəsil dizel-elektrik sualtı qayığının Hindistanda istehsalını nəzərdə tutan təxminən 8 milyard avroluq — 9 milyard dollara yaxın — müdafiə müqaviləsini imzalamağa yaxınlaşıb. Layihə Hindistan Hərbi Dəniz Qüvvələrinin “Project-75I” proqramı çərçivəsində həyata keçiriləcək.
MSNews.az xəbər verir ki, Almaniyanın Hindistandakı səfiri Filipp Akkermann iyulun sonunda sazişin “çox tezliklə”, hətta bir ay ərzində imzalana biləcəyinə ümid etdiyini bildirib. “The Economic Times” müqavilənin dəyərini 90 min kror rupini ötən, təxminən 8 milyard avro səviyyəsində qiymətləndirir. Apreldə Almaniyanın müdafiə naziri Boris Pistorius da “Reuters”-ə sazişin yaxın zamanda imzalanacağına əmin olduğunu bildirmişdi.
Layihənin əsas podratçıları Almaniyanın TKMS şirkəti və Hindistanın dövlətə məxsus “Mazagon Dock Shipbuilders Limited” (MDL) müəssisəsidir. “TKMS” rəsmi olaraq altı Almaniya layihəli sualtı qayığın MDL ilə əməkdaşlıq şəraitində Hindistanda hazırlanacağını və proqramın geniş texnologiya transferini nəzərdə tutduğunu təsdiqləyib.
Gəmilərin əsasını HDW Type 214-ün yeni nəsil konstruksiyası təşkil edəcək. Bununla belə, Hindistan üçün nəzərdə tutulan variantın standart Type 214-dən daha böyük və xüsusi tələblərə uyğunlaşdırılmış versiya olacağı bildirilir. “India Today” layihə və tikinti üzrə texnoloji biliklərin Hindistana ötürüləcəyini və sualtı qayıqların Mumbaydakı “Mazagon Dock” zavodunda istehsal ediləcəyini yazır.
Proqramda yerli istehsal payının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Hindistan müdafiə sənayesinə dair məlumatlarda ilk sualtı qayıqda lokallaşdırmanın təxminən 45 faizdən başlaması və sonrakı gəmilərdə 60 faizə qədər yüksəlməsi gözlənilir. Əsas məqsədlərdən biri Hindistanın gələcəkdə sualtı qayıqların layihələndirilməsi və istehsalında daha böyük müstəqillik qazanmasıdır. TKMS də layihəni Hindistanın “Make in India” strategiyası və texnologiya transferi baxımından mühüm proqram kimi təqdim edir.
Sualtı qayıqların ən mühüm xüsusiyyətlərindən biri AIP — havadan asılı olmayan hərəkət sistemi olacaq. TKMS-in rəsmi məlumatına görə, Type 214NG-də istifadə edilən yanacaq elementli AIP sistemi sualtı qayığa bir neçə həftə səthə çıxmadan su altında fəaliyyət göstərmək imkanı verir və onun aşkarlanma riskini azaldır.
“Project-75I” Hindistanın ən iri adi — nüvə mühərriki olmayan — sualtı qayıq proqramlarından biridir. Layihə həm Hindistan donanmasının köhnələn sualtı qüvvələrini yeniləmək, həm də Çin donanmasının Hind okeanında artan aktivliyi fonunda Yeni Delhinin sualtı döyüş imkanlarını gücləndirmək məqsədi daşıyır.