Rubinyan Türkiyədə ən çox sevdiyi yeməkləri açıqladı

Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd Ruben Rubinyan Türkiyədə olduğu müddətdə Adana və İskəndər kababını sevdiyini bildirib. O, türk rəsmilərlə görüşdüyü və Türkiyədə ali təhsil aldığı barədə iddiaları rədd edib.

13

Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə namizəd Ruben Rubinyan Türkiyədə olduğu müddətdə Adana və İskəndər kababını yeməyi sevdiyini bildirib.

MSNews.az xəbər verir ki, Rubinyan bu barədə parlamentin ilk iclasında müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Şiraz Manukyanın suallarını cavablandırarkən danışıb.

“Türkiyədə Adana kababı və İskəndər yeməyi sevirdim. Çox dadlı idi”, – Rubinyan deyib. O, İstanbulda olduğu müddətdə erməni patriarxlığını və kilsələri də ziyarət etdiyini bildirib.

Bu barədə “Factor TV” məlumat yayıb.

Manukyan Rubinyandan Türkiyədə keçirdiyi dövr, İstanbul Siyasət Mərkəzindəki fəaliyyəti və bu ölkənin dövlət strukturlarının nümayəndələri ilə mümkün əlaqələri barədə soruşub. Rubinyan türk rəsmilərlə görüşmədiyini və Türkiyə xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməsi barədə eyhamları rədd edib.

Erməni siyasətçi Türkiyədə universitet təhsili almadığını vurğulayıb. Onun sözlərinə görə, 2016–2017-ci illərdə Hrant Dink Fondunun Avropa İttifaqı və Böyük Britaniya tərəfindən maliyyələşdirilən beşaylıq mübadilə proqramında iştirak edib. Rubinyan həmin dövrdə İstanbul Siyasət Mərkəzində araşdırma apardığını və fond çərçivəsində türk dili dərslərinə qatıldığını bildirib. Buna görə onun Türkiyədə yalnız dil kursunda olması barədə məlumat tam deyil: proqram tədqiqat fəaliyyətini də əhatə edib. “Armenia Today” yazır ki, Rubinyan başladığı araşdırmanı tamamlamadan Ermənistana qayıdıb.

Rubinyan Türkiyədə olması barədə məlumatı heç vaxt gizlətmədiyini və bu mövzuda hələ 2018-ci ildə açıq danışdığını söyləyib. O, Türkiyə universitetindən diplomunun və bu ölkədə ona dərs deyən professorun olmadığını da vurğulayıb.

Müzakirə zamanı Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın Rubinyanı parlament sədri vəzifəsinə namizədliyi münasibətilə təbrik etməsi də gündəmə gətirilib. Rubinyan bunu tərəflər arasında yaranmış normal diplomatik münasibətlərin nəticəsi adlandırıb və türkiyəli həmkarı ilə belə ünsiyyət qura bilməsindən qürur duyduğunu deyib.