Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edildiyi bildirilir.
MSNews.az xəbər verir ki, yayılan məlumata əsasən, bununla bağlı qərar oktyabrın 16-da partiyanın İdarə Heyətinin iclasında qəbul olunub. Bundan əvvəl Ramiz Mehdiyevin YAP Veteranlar Şurasının yeni tərkibinə daxil edilmədiyi bildirilmişdi.
“TodayPress” və “Modern.az” nəşrləri oktyabrın 16-da YAP-ın yeni seçilmiş İdarə Heyətinin ilk iclasının keçiriləcəyini və Mehdiyevin partiyadan xaric olunması məsələsinə baxılacağını xəbər vermişdi.
Qeyd edək ki, oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında partiyanın rəhbər orqanlarının yeni tərkibi müəyyənləşdirilib. Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.