Gürcüstanın paytaxtı Tbilisidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Eagle Hills” şirkətinin investisiya layihələrinə qarşı etiraz aksiyası keçirilib. Nümayişçilər xüsusilə Krtsanisi meşə-parkının bir hissəsində nəzərdə tutulan tikinti işlərinə etiraz edərək hökumətdən layihəyə yenidən baxılmasını tələb ediblər.
MSNews.az xəbər verir ki, sentyabrın 20-də Tbilisinin Azadlıq meydanında keçirilən aksiyada müxtəlif siyasi hərəkatların nümayəndələri və vətəndaş fəalları iştirak ediblər.
Gürcüstanın “InterPressNews” agentliyinin məlumatına görə, etiraz aksiyası “Mühafizəkarlar” birliyinin təşəbbüsü ilə təşkil olunub. Nümayişçilər “Eagle Hills” şirkətinin Tbilisidə həyata keçirməyi planlaşdırdığı tikinti layihələrinə etiraz ediblər.
Aksiya zamanı Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, əraziyə polis əməkdaşları cəlb olunub.
Təşkilatçılar aksiyada “Gürcü torpaqlarının müdafiəsi üçün Milli Birlik” adlı yeni birliyin yaradıldığını elan edərək etirazların davam etdiriləcəyini bildiriblər.
Onlar çıxışlarında etirazın digər millətlərin nümayəndələrinə qarşı deyil, hakim “Gürcü Arzusu” partiyasının investisiya və torpaq siyasətinə yönəldiyini vurğulayıblar.
Qeyd edək ki, Gürcüstan hökuməti ilə “Eagle Hills” arasında 2025-ci ildə 6,6 milyard dollar dəyərində investisiya sazişi imzalanıb. Layihə çərçivəsində Tbilisidəki Krtsanisi meşə-parkının bir hissəsində və Batumi yaxınlığındakı Qonio ərazisində yaşayış, ticarət və turizm obyektlərinin tikintisi nəzərdə tutulur.
Layihəyə qarşı çıxan fəallar meşə-parkının qorunmasını və investisiya sazişinin ləğvini tələb edirlər. Gürcüstan hakimiyyəti isə layihəni ölkəyə xarici investisiyaların cəlb edilməsi və iqtisadi inkişaf baxımından əhəmiyyətli təşəbbüs kimi təqdim edir.