Ağdamda 2-ci yaşayış kompleksi açıldı

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər. Kompleksdə 1268 mənzil, idman və oyun meydançaları, yeraltı dayanacaqlar mövcuddur və sosial infrastruktur tam təmin olunub.

116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər və buraya köçən sakinlərlə görüşüblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, 13 hektardan çox sahəyə malik kompleksdə 11 məhəllə və 60 bina inşa edilib. Burada 114 birotaqlı, 464 ikiotaqlı, 536 üçotaqlı və 154 dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil mövcuddur. Dekabr ayında 104 ailə (426 nəfər) buraya köçürüləcək, 2026-cı ilin yanvar-fevral aylarında isə əlavə 1164 ailə (4772 nəfər) yaşayışa başlayacaq.

Binalar daimi su, elektrik və sürətli internetlə təmin olunub, mənzillərdə istilik və isti su sistemi quraşdırılıb. Kompleksin ərazisində uzunluğu 5 km-ə yaxın daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.

Qeyd olunub ki, dövlət başçısı kompleksin təməlini 2023-cü ildə qoyub, ilin fevralında isə tikinti işlərinin gedişi ilə tanış olub. Bu layihə Qarabağın və Şərqi Zəngəzurun bərpasında müasir standartlara uyğun məntəqələrin yaradılması, sosial infrastrukturun inkişafı və əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsini məqsəd qoyur. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri, sənaye parkları və digər istehsal müəssisələri fəaliyyətə başlayır, bu da bölgənin sürətli sosial-iqtisadi inkişafına xidmət edir.