Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasının 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub. Siyahıda Türkiyənin tanınmış siyasətçiləri, jurnalistləri, yazarları, ilahiyyatçıları və idman şərhçiləri yer alır.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, qərar həmin şəxslərin müxtəlif sosial şəbəkələrdə və internet platformalarında yaydıqları, Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəldiyi qiymətləndirilən bəyanatlarla əlaqədardır.
XİN bildirib ki, siyahıya daxil edilən şəxslərin açıqlamalarında hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlar nəzərə alınıb.
Qərarın ən diqqətçəkən məqamlarından biri Türkiyənin siyasi və ictimai həyatında tanınmış şəxslərin də siyahıya salınmasıdır.
Onların arasında Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan, HÜDA PAR sədrinin müavini Yahya Uğraş, DEM Partiyasının deputatı Ömər Faruk Gərgərlioğlu, yazıçı Yusuf Kaplan və keçmiş futbol hakimi Ahmet Çakar var.
Azərbaycana girişi qadağan edilən 31 nəfərin tam siyahısı
- Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri.
- Cem Özyurt – bloqer.
- Akın Duru – “TV8” və “Acunmedya” əməkdaşı.
- Dursun Eker – jurnalist, “File Prodüksiyon Hizmetleri” nümayəndəsi.
- Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı.
- Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalı və media qrupunun İstanbul təmsilçisi.
- Cüneyt Sezer – bloqer, sosioloq, publisist və siyasi analitik.
- Serhat Koyuncu – ictimai fəal.
- Mikail Ayyıldız – dini mövzularda yazan müəllif və tədqiqatçı.
- Ahi Aratoğlu – yazıçı-tədqiqatçı, şair və sosioloq.
- Muharrem Çavuş – 2020–2025-ci illərdə Ədalət və İnkişaf Partiyasının (AKP) Boğaziçi gənclər təşkilatının sədri.
- Fatih Erbakan – Yenidən Rifah Partiyasının sədri.
- Yahya Uğraş – HÜDA PAR partiyasının sədr müavini.
- Aydın Binboğa – iqtisadçı və siyasətçi.
- Hakkı Eren – “Köklü Değişim” nəşrinin jurnalisti.
- Sait Seyitoğlu – HÜDA PAR-ın Batman təşkilatında maliyyə və inzibati məsələlər üzrə şöbə müdiri.
- Mehmet Boynukalın – Mərmərə Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin keçmiş imam-xətibi.
- Okan Aytaş – jurnalist, “Finansopia Medya” şirkətinin sahibi.
- Mert Armağan – jurnalist.
- Yaşar Yavuz – “Yeni Şafak”, “Diriliş Postası” və “Referans” nəşrlərinin jurnalisti.
- Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı.
- Yusuf Kaplan – yazıçı və jurnalist.
- Erdinç Teğmen – “Erte Medya” şirkətinin sahibi.
- Ahmet Çakar – keçmiş deputat və siyasətçi
- Halil Atakan Ay – ilahiyyatçı.
- İsmail Kılıçarslan – “TV NET” və “Yeni Şafak” qəzetinin jurnalisti.
- Murat Şahin – “Akit TV” telekanalının aparıcısı.
- İrfan Kaya Ülger – “Akit TV” telekanalının aparıcısı.
- Fatin Dağıstanlı – “Akit TV” telekanalının aparıcısı.
- Ömer Ulutaş – “Toprak” Partiyasının sədri.
- Ömer Faruk Gergerlioğlu (Ömər Faruk Gərgərlioğlu) – Türkiyə Böyük Millət Məclisinin DEM Partiyasından deputatı.
Qərar Azərbaycan–Türkiyə münasibətlərinə necə təsir edəcək?
Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizasız gediş-gəliş rejimi qüvvədədir. Türkiyə vətəndaşları mövcud qaydalara əsasən Azərbaycana vizasız səfər edə bilirlər.
Lakin ayrı-ayrı şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulması ümumi vizasız rejimin ləğvi anlamına gəlmir.
XİN-in məlumatına əsasən, qərar yalnız siyahıda göstərilən şəxslərə şamil olunur.
Nazirlik həmin şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz” elan edildiyini bildirib.
Qeyd edək ki, şəxslərin “arzuolunmaz” elan olunması onların hər biri barəsində cinayət hökmünün çıxarıldığı demək deyil. Qərarın konkret şəxslər üzrə hansı paylaşımlara əsaslandığı və qadağaların müddəti barədə əlavə təfərrüatlar açıqlanmayıb.